Meksikanın məşhur "Qvadalaxara" kartelinin qurucularından və ABŞ-yə kokain qaçaqmalçılıq tədarükünün təşəbbüskarlarından biri - "Bossların bossu", "El-Padrino", "Kartellərin xaç atası" ləqəbləri ilə tanınan Miqel Anxel Feliks Qalyardo 80 yaşında Meksikada vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "El Universal" qəzeti Xalisko ştatının Təhlükəsizlik Nazirliyinə istinadən məlumat verib.
Xəbərə görə, noyabrın 13-də məhbus səhhətindəki problemlər səbəbindən təcili olaraq sərt rejimli "Puente-Qrande" həbsxanasından Qvadalaxaradakı özəl klinikaya köçürülüb. Xəstəxana gücləndirilmiş mühafizə altına alınıb. Tibb personalının bildirdiyinə görə, Miqel Anxel Feliks Qalyardonun ölümü noyabrın 15-də poliorqan çatışmazlığı (çoxsaylı orqan çatışmazlığı) səbəbindən baş verib.
Qəzetin regional hökumətdəki mənbələrinin məlumatına görə, "Qvadalaxara" kartelinin keçmiş lideri çoxsaylı xəstəliklərdən əziyyət çəkirdi. 2022-ci ildən bəri o, 37 və 40 illik cəzalarını çəkməyə davam etmək üçün federal hakimiyyət orqanlarından Sapopan bələdiyyəsindəki bir mülkdə ev dustaqlığına keçirilməsini xahiş edib. İstək təsdiqlənib, lakin uyğun elektron monitorinq cihazının olmaması səbəbindən köçürmə heç cür baş tutmayıb.
1980-ci illərdə Miqel Anxel Feliks Qalyardo Meksikadan ABŞ-yə bütün qanunsuz narkotik maddə tədarüklərinə nəzarət edib. O, həmçinin 1985-ci ildə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) agenti Enrike Kamaren və meksikalı pilot Alfredo Savalanın qətlini sifariş edib. Narkobaron 1989-cu ilin aprelində həbs edilib, 2017-ci ildə isə sonuncu hökm oxunub.