Meksika narkokartelinin futbol üzrə 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Ekvador millisinin futbolçularını hədələdiyi iddia olunur.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Eduardo Feynman "Mitre" radiosunun efirində danışıb.
"Onlar Ekvador millisinin beş futbolçusu ilə əlaqə saxlayaraq ailə üzvləri barədə bütün məlumatları təqdim ediblər və Meksika qalib gəlməyəcəyi təqdirdə onları hədələyiblər. Narkotik karteli nəyin bahasına olursa-olsun Meksikanın dünya çempionu olmasını istəyir", - deyə Feynman bildirib.
1/16 final mərhələsinin oyunu Meksika millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 22-ci dəqiqəsində Xulian Kinyones hesabı açıb. Raul Ximenes isə 33-cü dəqiqədə komandasının üstünlüyünü artırıb.
Ekvador millisinin futbolçusu Pyero İnkapiye 90-cı dəqiqədə rəqib futbolçu ilə danışarkən ağzını əli ilə örtdüyünə görə qırmızı vərəqə alaraq meydandan qovulub.
E qrupunda Ekvador millisi dörd xalla üçüncü yeri tutaraq Kot-d'İvuar (6 xal) və Almaniya (6 xal) yığmalarından geri qalıb.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Turnirin son qalibi 2022-ci ildə finalda Fransa millisini məğlub edən Argentina yığmasıdır.