Böyük Britaniyanın Darlinqton şəhərində yaşadığı evin mətbəxində yıxılan 54 yaşlı qadının müəmmalı ölümü ilə bağlı araşdırma davam edir. Bildirilir ki, qadın hadisədən bir gün əvvəl səhhəti ilə bağlı hər hansı şikayət etməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Metro" nəşri məlumat yayıb.
Məlumata görə, qadın səhər işə hazırlaşarkən huşunu itirib. Belə ki, o, tosterə çörək qoyduqdan sonra yerə yıxılıb. Qadını tapdıqları zaman o, artıq nəfəs almayıb. Tibb işçiləri onun öldüyünü bildiriblər. Lakin bundan sonra gözlənilməz hadisə baş verib - qadın morqda özünə gəlib. Daha sonra baş verənlər isə müəmmalı olaraq qalır. Rəsmi məlumata görə, qadın geridönməz beyin zədələnməsi səbəbindən həyatını itirib.

"Ailə çaşqınlıq içindədir və hadisənin hərtərəfli araşdırılmasını tələb edir. Belə ki, qadının hələ təcili tibbi yardım avtomobilində öldüyü elan edilsə də, onun xəstəxanada özünə gəldiyi məlum olub", - deyə nəşr qeyd edib.
İlkin araşdırma zamanı tibbi yardımın göstərilməsində pozuntular aşkarlanıb. Həmçinin qadının xroniki xəstəlikdən əziyyət çəkdiyi müəyyən edilib. Onun yaxınları nəşrə bildiriblər ki, morqda baş verən hadisə ilə bağlı araşdırma hələ yekunlaşmayıb. Məlumata görə, qadın özünə gəlməzdən əvvəl onun ölümünün qeydə alınmasına altıya yaxın şəxs şahidlik edib.
Britaniyalı qadının ailəsi hesab edir ki, onun həyatını xilas etmək mümkün olub. Həkimlər isə, öz növbələrində, "mürəkkəb klinik vəziyyət"in mövcud olduğunu bildiriblər.
Qeyd edilib ki, iş üzrə ekspert rəyləri və yeni sübutlar əldə olunub. Onların yaxın zamanda təqdim ediləcəyi gözlənilir.