Türkiyənin Zonquldak vilayətinin Karadeniz Ereğli rayonunda məktəbin həyətindən oğurladıqları Atatürk büstünü metal tullantıları qəbul edən şəxsə sata bilməyən iki nəfər onu meşəyə atıb.
Oxu.Az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Hadisə Süleymanbeyler kəndindəki Cumhurbaşkanı Süleyman Demirel orta məktəbinin həyətində baş verib. Kozlu rayonundan gələn G.B. və Y.B. məktəbin həyətindəki Atatürk büstünü yerindən sökərək aparıblar.
Məktəb rəhbərliyinin şikayətindən sonra jandarm əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıblar. Təhlükəsizlik kameralarının görüntülərini araşdıran Jandarm Cinayət Axtarış Qrupunun (JASAT) əməkdaşları 10 günlük araşdırma nəticəsində şübhəlilərin kimliyini müəyyən ediblər.
Araşdırma zamanı məlum olub ki, şübhəlilər büstün latundan (mis və sink ərintisindən) hazırlandığını düşünərək onu satmaq istəyiblər. Lakin metal tullantıları qəbul edən şəxs büstü almaqdan imtina etdikdə onu meşəlik əraziyə atıblar.
G.B. və Y.B. saxlanılaraq məhkəmə qarşısına çıxarılıblar. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.