İtaliya A Seriyasının 2026/2027 mövsümünün XIII turunda "İnter" və "Cenoa" komandaları üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, Milanın "San-Siro" ("Cüzeppe Meatsa") stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün baş hakimi Covanni Ayroldi olub.
Matçın 29-cu dəqiqəsində "İnter"in hücumçusu Lautaro Martines hesabı açıb. 40-cı dəqiqədə isə Markus Türam Milan təmsilçisinin üstünlüyünü ikiqat artırıb. 44-cü dəqiqədə meydan sahiblərinin müdafiəçisi Duqlas Auqustonun vurduğu qol VAR müdaxiləsindən sonra ləğv edilib.
45+3-cü dəqiqədə yarımmüdafiəçi Petar Suçiç penaltini dəqiq yerinə yetirib. 54-cü dəqiqədə isə Markus Türam dubl edərək matçın yekun hesabını müəyyənləşdirib.
Bu nəticədən sonra "İnter" 13 oyunda topladığı 32 xalla A Seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Milan təmsilçisi lider "Latsio"dan üç xal geri qalır. "Cenoa" isə 16 xalla 10-cu pillədə yer alıb.