"Turan Tovuz" Misli Premyer Liqasının XIII turunda qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Tovuz təmsilçisi Qərb derbisində "Kəpəz"lə üz-üzə gəlib.
Tovuz şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Turan Tovuz"un heyətində 72-ci dəqiqədə Hayderson Hurtado, 90+1-ci dəqiqədə isə Joarlem Santos fərqləniblər. Qonaqların yeganə qolunu 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Şakir Seyidov vurub.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Turan Tovuz" hələlik turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Gəncə klubu isə 18 xalla altıncı sıradadır.
Günün ikinci görüşündə "Sabah" "Araz-Naxçıvan"ı sınağa çəkəcək.
Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" isə evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq.