"Fırtına nəticəsində Potomak çayının daşması Vaşinqtondakı Şərqi Potomak parkında yerləşən qolf meydançasını faktiki olaraq yararsız vəziyyətə salıb".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Amerika liderinin sözlərinə görə, əvvəldən yenidən qurulmasına ehtiyac olduğunu düşündüyü qolf meydançası fırtına nəticəsində tamamilə məhv olub.
Tramp bildirib ki, çayın sahilindəki bəndin onsuz da eroziyaya məruz qalmış hissəsi qismən Potomak çayına çöküb, sahil boyunca uzanan yol isə su altında qalaraq dağılıb.
ABŞ Prezidenti yaranmış vəziyyətlə əlaqədar hakim Anu Reyesin mövqeyinə də münasibət bildirib. Onun fikrincə, hakim siyasi səbəblərdən qolf meydançasının yenidən qurulmasına mane olmağa çalışıb.
Tramp qeyd edib ki, hazırda meydança təhlükəli vəziyyətdədir və istifadəyə yararsızdır. ABŞ-nin Daxili İşlər Nazirliyi ərazini bağlayıb və hakimdən layihənin həyata keçirilməsinə dərhal icazə verməsini istəyib.
O, administrasiyanın qolf meydançasının yenidən qurulması üçün apellyasiya məhkəməsinə müraciət etməsinə ehtiyac qalmayacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, daha əvvəl hakim Tramp administrasiyasının qolf meydançasının yenidən qurulması məqsədilə parkın ictimaiyyət üçün müvəqqəti bağlanması barədə qərarının icrasını dayandırmışdı.
Qeyd edək ki, ABŞ-də noyabrın 26-da qeyd olunan Şükranlıq Günü ərəfəsində ölkənin şərq hissəsində güclü fırtına baş verib. Leysan yağışları ilə müşayiət olunan fırtına zamanı küləyin sürəti saniyədə 29 metrə çatıb.