Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin kritik infrastruktur obyektlərinə edilən hücumların nəticələri və həmin obyektlərin bərpa müddətləri barədə məlumatların mediada dərc olunmasının qadağan edilməsi ilə bağlı göstəriş verib.
Oxu.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski noyabrın 28-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) müvafiq qərarını qüvvəyə mindirən fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti kritik infrastruktur obyektlərinə dəymiş ziyan, onların bərpa müddətləri, eləcə də enerji və əhalinin həyat təminatı sahələrindəki obyektlərdə mühafizə qurğularının tikintisinin mərhələləri və gedişi barədə məlumatların mediada işıqlandırılmasının qadağan edilməsi üçün təcili tədbirlər görməlidir.
Qeyd edək ki, qərar 2026/2027-ci illərin istilik mövsümündə kritik infrastruktur obyektlərinin mühafizəsinin gücləndirilməsini nəzərdə tutur.