Çikaqodakı İllinoys Universitetinin geofizikləri Ayın səthinin altında nəhəng tunellərin mövcudluğuna işarə edə biləcək dörd sahə müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "ScienceAlert" elmi nəşri "Icarus" jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.
Tədqiqat zamanı Ayın cazibə sahəsində müşahidə olunan fərqlər kompüter modelləri və səthin relyefi ilə müqayisə edilib. Tunellərin mövcud olduğu ehtimal edilən ərazilər Şröter vadisi, Mayran yarığı və Vollaston kraterinin yaxınlığında yerləşir. Hesablamalara əsasən, tunellərin eni iki kilometrdən az ola bilər.
Bununla belə, müəyyən edilən dörd sahənin hamısı hələlik potensial lava tunellərinin yerləşdiyi ərazilər hesab olunur. Belə siqnallar süxurların sıxlığındakı digər fərqlər nəticəsində də yarana bilər. Yeraltı boşluqların mövcudluğunu təsdiqləmək üçün radar müşahidələrinin aparılması və daha ətraflı xəritələşdirmə işlərinin həyata keçirilməsi tələb olunur.
Alimlər qeyd edirlər ki, lava tunelləri gələcəkdə Ayda fəaliyyət göstərəcək tədqiqatçılar üçün təbii sığınacaq rolunu oynaya bilər. Belə yeraltı boşluqlar insanları radiasiyadan və kəskin temperatur dəyişikliklərindən qoruya bilər.