Xarici problemlərin və gündəlik çətinliklərin artdığı günlərdə insanlar partnyorlarına qarşı sevgi, ehtiras və yaxınlıq hisslərini əvvəlki ilə müqayisədə daha aşağı qiymətləndirirlər.
Oxu.Az xəbər verir ki, bu nəticə Ottava və Edinburq universitetlərinin psixoloqlarının "Journal of Social and Personal Relationships" jurnalında dərc olunan araşdırmasında əksini tapıb.
Tədqiqatda Böyük Britaniyadan 100 cütlük iştirak edib. İlkin müayinədən sonra cütlüklərin hər iki üzvü 14 gün ərzində bir-birindən asılı olmayaraq gündəlik sorğuları cavablandırıb. Onlar gün ərzində qarşılaşdıqları problemlər, əhvali-ruhiyyələri və münasibətlərində hiss etdikləri barədə məlumat veriblər.
Alimlər əsas diqqəti cütlük münasibətlərindən kənarda yaranan stres amillərinə yönəldiblər. Bunlara işdəki problemlər, maddi çətinliklər, dostlarla münaqişələr və nəqliyyatla bağlı çətinliklər daxil olub.
Məlum olub ki, insanların öz adi stres səviyyələrindən daha çox çətinliklə üzləşdikləri günlərdə romantik hissləri zəifləyir. Hər əlavə problem yeddi ballıq şkala üzrə sevgi və yaxınlıq hisslərinin qiymətləndirilməsinin təxminən 0.04-0.13 bal azalması ilə müşayiət olunub. Əvvəlki günün əhvali-ruhiyyəsi və hissləri nəzərə alındıqdan sonra da bu əlaqə qorunub.
Bununla belə, orta hesabla daha yüksək stres yaşayan insanların partnyorlarına ümumilikdə daha az sevgi bəslədikləri müəyyən edilməyib. Həmçinin əsas modellər üzrə bir tərəfin stres səviyyəsi ilə digər tərəfin romantik hissləri arasında birbaşa əlaqə aşkarlanmayıb.