Xolesterin səviyyəsi yüksək olan insanlara yumurta yemək olar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə diyetoloq Ester Miranda "CuidatePlus" nəşrinə müsahibəsində danışıb.
O, yüksək xolesterini olanlar üçün icazə verilən normanı açıqlayıb.
Ester Miranda xəbərdarlıq edib ki, yumurta artıq uzun müddətdir zərərli məhsul kimi hesab edilməsə də, yüksək xolesterin səviyyəsi olan insanlar bu məsələdə ehtiyatlı olmalıdırlar.
"Onlar üçün tövsiyə olunan miqdar həftədə üç yumurtadan gündə bir yumurtaya qədərdir. Bu, hər bir ayrıca fərddən və onun digər rasionundan asılı olacaq", - deyə o izah edib.
Mütəxəssisin sözlərinə görə, xolesterin yumurtanın sarısında olur, bu səbəbdən də məhz onu məhdudlaşdırmaq tövsiyə edilir.
"Başqa sözlə, həftədə 3-dən 7-yə qədər yumurta sarısı yeyə bilərsiniz, lakin yumurtanın ağı ilə bağlı heç bir məhdudiyyət yoxdur", - deyə Ester Miranda əlavə edib.
Eyni zamanda o tövsiyə edib ki, yumurtaya allergiyası olanlar insanlar bu məhsuldan tamamilə imtina etməlidirlər. Hamilə qadınlara və immuniteti zəif olan insanlara isə həkim yumurta seçərkən və hazırlayarkən təhlükəsizliyə xüsusi diqqət yetirməyi məsləhət görüb.