Keniyada məhkəmə dini təriqətin lideri Pol Makkenzini daha 123 tərəfdarının ölümündə təqsirli bilib. Daha əvvəl moizəçi 190-ı uşaq olmaqla, 191 nəfərin qətlinə görə 200 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Oxu.Az "Sky News"a istinadən xəbər verir ki, yeni hökm noyabrın 27-də Mombasa şəhərinin məhkəməsi tərəfindən çıxarılıb.
Makkenzi ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bilinib. İstintaqın məlumatına görə, onun rəhbərlik etdiyi "Good News International Church" dini icması Hind okeanı sahilindən çox da uzaq olmayan Şakahola meşəsində fəaliyyət göstərib.
Moizəçi dünyanın sonu çatmamış cənnətə düşəcəklərini vəd edərək tərəfdarlarını yeməkdən imtina etməyə, hətta öz uşaqlarını da aclıq saxlamağa inandırıb. Məhkəmə müəyyən edib ki, Makkenzi ölümcül aclıq aksiyalarının qaydasını şəxsən müəyyənləşdirib və dindarları təcrid olunmuş ərazilərə yönləndirib.
Hakim Aleks İtuku qeyd edib ki, təriqət rəhbəri təkcə tərəfdarlarına göstərişlər verməyib, həm də onların ölümü ilə nəticələnən hadisələrdə iştirak edib. Yeni hökmlə yanaşı, Makkenzi daha əvvəl uşaqlara qarşı qəddar rəftar, hücumlar, radikallaşdırma və terror xarakterli cinayətlərdə də təqsirli bilinib.
Makkenzini özü ittihamları rədd edir. Onun vəkilləri məhkəmə qərarından apellyasiya şikayəti vermək niyyətində olduqlarını bildiriblər.