Böyük Britaniyanın Birkenhed şəhərində hər birinin tərkibində vəfat etmiş bir insanın külü olan kərpiclərdən piramida inşa edilir.
Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, "People's Pyramid" ("Xalq piramidası") adlı layihənin təşəbbüskarları "The KLF" elektron musiqi duetinin üzvləri Cimmi Kauti və Bill Drammondur.
Tikinti başa çatdıqdan sonra abidə 34 592 kərpicdən ibarət olacaq. Hər kərpicin hazırlanmasında kremasiya edilmiş insanın 23 qram külündən istifadə olunur. Kərpiclər xüsusi sobada bişirilir və nəticədə kül şirə örtüyünə çevrilir. Təşkilatçılar bu prosesi "MuMufication" adlandırıblar. Bu ad musiqi kollektivinin digər adı olan "The Justified Ancients of Mu Mu"ya işarə edir.
İstəyən hər kəs layihəyə qoşula bilər. Bunun üçün şəxs ölümündən sonra külünün istifadə olunmasını vəsiyyət edə və ya vəfat etmiş yaxınlarından birinin külünü təqdim edə bilər. 2026-cı ildə piramidaya 39 nəfərin külündən hazırlanmış kərpiclər əlavə edilib. Beləliklə, abidədəki kərpiclərin ümumi sayı 159-a çatıb.
Külü abidənin bir hissəsinə çevrilən ilk şəxs Kautinin 2016-cı ildə qəfil vəfat edən qardaşı olub. Musiqiçi qardaşının dəfnindən sonra onun xatirəsini daha qeyri-adi üsulla yaşatmaq istəyib.