Böyük Britaniyanın Müdafiə Nazirliyi Soyuq müharibə başa çatandan bəri ilk dəfə olaraq ehtiyatda olan veteranlara müharibə ehtimalına qarşı hazır vəziyyətdə olmaq çağırışı edib. Rəsmilər onlara hərbi təlimlərə qatılmağı da tövsiyə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Açıqlamada bildirilir ki, Müdafiə Nazirliyi Böyük Britaniya ordusunun ehtiyat qüvvələrinə müharibəyə çağırış üçün hazırlaşmağı tapşırıb.
100 minə yaxın ehtiyatda olan şəxsə məktub göndərilərək onlara təlimlərdə, o cümlədən 2027-ci ilin yaz aylarında baş tutacaq NATO-nun "Steadfast Defender" hərbi manevrlərində iştirak etmək təklif olunub. Qəzetin qeyd etdiyinə görə, sözügedən məktublar ordudan yaxın vaxtlarda tərxis edilmiş və xüsusi hallarda hərbi xidmətə çağırıla bilən veteranlara göndərilib. Eyni zamanda, sabiq hərbçilərdən öz əlaqə vasitələrini yeniləmələri, həmçinin hazırkı peşələri və bacarıqları barədə məlumat təqdim etmələri istənilib.
"The Telegraph"ın məlumatına görə, Birləşmiş Krallığın Müdafiə Nazirliyi bu məktubların göndərilməsini "hazırlıq səviyyəsinin və çəkindirmə qabiliyyətinin artırılması üçün atılan praktiki addım" kimi qiymətləndirib.