Almatıda yerləşən fərdi yaşayış evlərinin birində baş verən dəhşətli yanğın nəticəsində beş nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatında məlumat verilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Departamentinin əməkdaşları hadisə yerinə çatanda yaşayış evi artıq alovlar içində olub.
Departamentdən verilən açıqlamada bildirilib:
"Alov saat 04:42-də (Bakı vaxtı ilə 03:42) tamamilə söndürülüb. Yanğın yerinin təftişi zamanı beş nəfərin meyiti aşkarlanıb. Həlak olanlardan biri yetkinlik yaşına çatmayan şəxsdir".
Hadisənin başvermə səbəbləri və digər detalları araşdırılır.