Misirin paytaxtı Qahirənin şimalında yanacaq daşıyan avtomobilin iştirakı ilə baş verən ağır qəzadan sonra başlayan yanğın nəticəsində azı 30 nəfər ölüb, daha 15 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi "Instagram" sosial şəbəkəsində məlumat yayıb.
"Hazırda hadisə nəticəsində xəsarət alan 15 nəfər xəstəxanalara yerləşdirilib, ölənlərin sayı isə 30-a çatıb", - deyə qurumun bəyanatında bildirilib.
"Cairo24" telekanalının məlumatına görə, yanacaq daşıyan avtomobil Qahirənin şimalındakı Əl-Varak rayonunda aşıb və yanmağa başlayıb. Alov qısa müddətdə hadisə zamanı aşmış sisternin yaxınlığında olan bir neçə avtomobilə də keçib.
Təsdiqlənməmiş məlumata görə, hadisədən az əvvəl magistral yola elektrik naqili düşüb.
Misirin Baş naziri Mustafa Mədbuli zərərçəkənlərə lazımi tibbi yardım göstərilməsi, həmçinin xəsarət alanlara və həlak olanların ailələrinə maddi təzminat ödənilməsi barədə göstəriş verib.