Misirin Menufiya əyalətində, Tell-Əbu-Bellu arxeoloji abidəsinin ərazisində aparılan qazıntılar zamanı Qədim Misirin Son dövrünə, Ptolemeylər dövrünə və erkən Roma dövrünə aid geniş nekropol aşkarlanıb.
Oxu.Az "Heritage Daily" nəşrinə istinadən xəbər verir ki, qədim qəbiristanlığın ərazisində daş və gil tabutlar, taxta tabut qalıqları, daxili hissələri əhəngdaşı ilə işlənmiş kərpicdən tikilmiş tağlı məzarlar aşkar edilib.
Bundan başqa, qızıl dillər, böcək amuletləri, zinət əşyaları, tanrıların təsvirləri, heykəlciklər və digər dəfn əşyaları tapılıb.
Roma dövründə (e.ə. 29-cu il - eramızın 641-ci ili) Qədim Misirdə qızıl tanrıların "əti" hesab olunurdu. Misirlilər inanırdılar ki, qızıl dil sayəsində mərhum axirət dünyasının hökmdarı Osirislə danışa biləcək. Bu cür tapıntılara əvvəllər də rast gəlinib.
Aşkarlanan bəzi əşyalar qədim Misir tanrıları ilə əlaqələndirilir. Onların arasında məhsuldarlıq ilahəsi Renenutet, axirət dünyasının tanrısı Osiris, ilahə İsida, eləcə də səma, sevinc, sevgi və məhsuldarlıq ilahəsi Hathorun təsvirləri var.
Nekropolun ərazisində aşkarlanan memarlıq qalıqları hələ üzə çıxarılmamış digər tikililərin də mövcud ola biləcəyini ehtimal etməyə əsas verib. İlkin məlumatlara görə, qəbiristanlıqda orta təbəqənin nümayəndələri dəfn edilib. Qəbirlərin əksəriyyəti Ptolemeylər dövrünün erkən mərhələsinə, xüsusilə e.ə. III-II əsrlərə aiddir.
Nekropol qədim Misirin Terenutis şəhəri ilə əlaqələndirilən ərazidə, Vadi-əl-Natrun vadisinin şərq girişinin yaxınlığında yerləşir. Bu vadi mumiyalama prosesində istifadə olunan təbii duz qarışığı - natronun mühüm mənbələrindən biri olub.