"İran bir müddət əvvəl Hind okeanında yerləşən Dieqo-Qarsiya adası ərazisində 4 500 kilometrədək məsafədəki hədəfləri vura bilən raketlərinin imkanlarını nümayiş etdirib".
Oxu.Az SNN agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhibi bildirib.
Onun sözlərinə görə, raketlərin uçuş məsafəsinin 2 000 kilometrlə məhdudlaşdırılması qərarı əvvəllər İslam İnqilabının mərhum ali lideri Əli Xameneinin göstərişi ilə qəbul edilib. Lakin hazırkı ali lider belə bir əmr verərsə, İran Avropadakı ABŞ hərbi bazalarını da hədəfə ala bilər.
SEPAH nümayəndəsi qeyd edib ki, ölkənin raket potensialı coğrafi məhdudiyyətlər olmadan əməliyyatlar keçirməyə imkan verir.
Qeyd edək ki, Qərb mediasının məlumatına görə, mart ayında Dieqo-Qarsiyadakı Britaniya-ABŞ birgə hərbi bazasına iki ballistik raket buraxılıb. Məlumatlarda raketlərdən birinin uçuş zamanı sıradan çıxdığı, digərinin isə ABŞ hərbi gəmisi tərəfindən vurulduğu bildirilirdi. İran həmin vaxt hadisəyə aidiyyəti olduğunu təkzib etmişdi.