Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən 3426 nömrəsi ilə dövlət qeydiyyatına alınmış memarlıq abidəsinin tarixi qapısının sökülməsi ilə bağlı problem davam edir.
Oxu.Az xəbər verir ki, iddialara əsasən, abidənin əvvəlki qapısını əvəz edən şüşə konstruksiyanın üzərinə bu dəfə taxta qapı görüntüsü yaradan vinil örtük çəkilib.
Əvvəl

Sonra

İndi

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, bu hal yeni deyil və bir müddətdir qapının üzərində vinil örtük mövcuddur:
"3426 nömrəsi ilə dövlət qeydiyyatına alınmış memarlıq abidəsinin qapısının əvvəlki vəziyyətinə qaytarılması istiqamətində işlər görülür.
Qapının şüşə konstruksiyası üzərinə vinil örtük çəkilib. Yaxın müddətdə qapının əvvəlki vəziyyətinə qaytarılması təmin ediləcək".
Səbail Rayon İcra Hakimiyyətindən isə Baku TV-yə fərqli açıqlama verilib.
Qurumdan bildirilib ki, qeyri-yaşayış sahəsinin giriş qapısı uzun illər istifadə olunduğundan və istismara yararsız vəziyyətə düşdüyündən Dövlət Xidmətinin müvafiq razılıq sənədi əsasında təmir və restavrasiya məqsədilə müvəqqəti olaraq dəyişdirilib.
Beləliklə, məsələ ilə bağlı dövlət qurumlarının açıqlamaları arasında ziddiyyət yaranıb. Bir qurum müdaxilənin qanunsuz olduğunu bildirir, digər qurum isə dəyişikliyin müvafiq razılıq əsasında həyata keçirildiyini qeyd edir.