"Bəziləri rəqsə elə-belə sahə kimi baxırlar. Bəzən elə düşünürlər ki, rəqqaslar neynirlər ki, hoppanıb-düşürlər. Əslində isə elə deyil. Rəqs yeganə sənətdir ki, burada milli musiqimiz, geyimlərimiz, adət-ənənələrimiz, folklorumuz, etnoqrafiyamız cəmlənib. Rəqs çox strateji bir şeydir, çünki canlı tarixdir".
Bunu Oxu.Az-a videomüsahibəsində Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Rüfət Xəlilzadə deyib.
Videomüsahibədən bəzi hissələri ixtisarla təqdim edirik:
- Rüfət müəllim, siz ən gənc yaşda fəxri adlara layiq görülən mədəniyyət xadimisiniz. Necə oldu ki, 20 yaşında Əməkdar, 26 yaşında Xalq artisti fəxri adları ilə təltif olundunuz?
- İlk növbədə hesab edirəm ki, bu yazıdır. Tanrının mənə yazdığı yazı. Bəzən biz nəyisə arzulayırıq, amma onu əldə edə bilmirik. Bəzən də nəyinsə arzusunda olmuruq, amma ona layiq görülürük. Məni tanıyan hər kəs bilir ki, heç vaxt sənətdən başqa nəyinsə dalınca qaçmamışam. Bəlkə də uğurum onda olub ki, ancaq sənətimlə məşğul olmuşam.
- Belə gənc yaşda fəxri ad almağın bir səbəbi olmalıdır...
- Səbəb... Yəqin ki, istedad var. Mən öz sənətim haqqında böyük-böyük danışmağı xoşlamıram. Deyirəm, sənin haqqında qoy sənətin və ətraf danışsın. Özüm haqqında özümün danışmağı, mənə elə gəlir ki, yanlışdır. Bizim ulu öndərimiz sənətə dəyər verən, diqqət göstərən şəxsiyyət idi və onun tərəfindən 20 yaşında bu ada layiq görülmək mənə əslində böyük bir məsuliyyət yüklədi. Əgər ona qədər mən ansamblın solisti kimi sadəcə rəqs edirdimsə, ondan sonra anladım ki, bu adı doğrultmaq üçün daha ciddi şəkildə sənətə, millətə və millətin mədəniyyətinə xidmət etmək lazımdır.
- Hansı çıxışınızdan sonra sizə Xalq artisti adı verildi?
- Böyük sənətkarımız Polad Bülbüloğlunun "Eşq və ölüm" adlı balet tamaşası var. O vaxt həmin tamaşada Azərbaycan Dövlət Rəqs Ansamblı da iştirak edirdi. Orada mən əslində ikinci rollardan birində çıxış edirdim. Sonda Polad müəllim mikrofonu götürdü və dedi ki, biz səni bu tamaşada ikinci dərəcəli rolda görürdük, amma sənin ifan hətta birinci dərəcəli rolları belə üstələdi. Həmin tamaşaya Birinci vitse-prezident Mehriban Əliyeva da gəlmişdi və mənə elə gəlir ki, o çıxışdan sonra belə bir fəxri ada layiq görüldüm.

- Rüfət müəllim, rəqs məni həmişə düşündürüb və özünə çəkib. Mənə elə gəlir ki, rəqsin fərqli bir fəlsəfəsi var. Rəqs əslində nizama oturmur. O, insanın öz daxilindən gələn enerjidir. Diqqətimi çəkən ən maraqlı nüans odur ki, rəqs edən insan hansı yaşda olmasından, necə rəqs etməsindən asılı olmayaraq, özünü xoşbəxt hiss edir. Sizcə, rəqsi xoşbəxtliyin açarı adlandırmaq olar?
- Bilirsiniz, rəqs insanın daxili aləmindən xəbər verir. İnsan adətən şad günündə rəqs etməyə başlayır. Mən deyərdim ki, rəqs insanın ruhunun səsidir. Rəqsin həqiqətən də böyük fəlsəfəsi var. Rəqs vasitəsi ilə biz öz kimliyimizi dünyaya çatdıra bilərik və çatdırırıq da. Rəqs sadəcə bədən plastikası deyil. O, qədim zamanlardan süzgəcdən keçə-keçə bu günümüzə gəlib.
Fəxr edə bilərik ki, rəqsin də, ritmin də beşiyi məhz elə Azərbaycandır. Çünki bizim Qobustan kimi böyük bir tarixi abidəmiz var, orada qayaların üzərində rəqsin cizgilərini görürük. Ritmə aid olan böyük bir daş görürük - qavaldaş. Bunların dünyada bənzəri yoxdur. Folklorumuzda əsrlərlə rəqsə xüsusi yer ayırmışıq. Kişi rəqslərinə nəzər yetirəndə, igidliyi, mərdliyi, vətən sevgisini, vətənə görə həyatından keçməyi görürük. Xanım rəqslərində sanki toxunulmaz bir qala - xanım-xatınlıq, ismət var. Bunlar canlı tarixdir. Bizim əsas qayəmiz də bu canlı tarixi qoruyub saxlamaq və gələcək nəsillərə düzgün şəkildə çatdırmaqdır.
Məsələn, bizim "Qaytağı" rəqsimiz var. Sovet vaxtı nə üçünsə ona "Ləzginka" adı qoydular.
- Mən elə bilirəm ki, "Qaytağı"nı "Ləzginka" ilə qarışdırırlar...
- Yox.
- Yoxsa "Qaytağı" elə...
- "Qaytağı" elə "Qaytağı"dır.
- Yəni "Ləzginka" deyilən rəqs yoxdur?

- Sizə bununla bağlı bir epizod danışım. Deməli, Dağıstandayam. Murad Kajlayevin (bəstəkar, dirijor, SSRİ Xalq artisti - red.) yubileyinə getmişəm. Onların da tanınmış "Lezginka" ansamblı var. Ansamblın bütün solistləri, bədii rəhbəri, direktoru və s. bizimlə yaxın dostdurlar, bu, öz yerində. Onların Xalq artistlərindən biri mənə dedi ki, sənin ansamblına baxıram, çox möhtəşəmdir. Sənin dövründə ansambl yüksək səviyyədə inkişaf etməyə başlayıb, amma mənim bir iradım var - siz niyə bizim ritmimizlə rəqs edirsiniz? Dedim, o, hansı ritmdir elə? Dedi, "ləzginka". Ona cavab verdim ki, bu, nə sizin ritmdir, nə də bizim. Bu, rus ritmidir. Təbii ki, adam təəccübləndi ki, sən nə danışırsan? Dedim, axı adı ruscadır -"ləzginka". Əgər sizindirsə, onda bu rəqsin dədə-babadan adı necə olubsa, onu tap gətir. Sizindirsə, demək, öz adı olmalıdır.
Adam elə mənim yanımda yaşlı bir ritm ustasınıa zəng edib soruşdu, onun da cavabı belə oldu ki, biz o rəqsi elə dədə-babadan "Ləzginka" kimi tanımışıq. Məndən soruşdu ki, bəs sizdə bunun adı nədir? Dedim ki, biz bu rəqsə tarixən "Qaytağı" demişik. Sovet dövründə bu adı deməyə icazə verilməyib, çünki soy-kökümüzlə bağlıdır. 24 oğuz boyundan birinin də adı məhz "qayı"-"kayı" olub. Mən bunu araşdırmışam. Bu tarixçəni onlara danışdım və dedim ki, "Qaytağı" rəqsinin adı da həmin o "qayı"larla, "kayı"larla bağlıdır. Bu rəqsin elementlərini uyğurlarda da görürük.
- Əllərimizin qartal qanadı kimi açılması, yumruqlar...
- Bəli, bəli. Haradasa 16-17 yaşımda müəllimlərimdən soruşmuşdum ki, xalq rəqslərində əllərimizi qartal qanadı şəklində açmağımız nə ilə bağlıdır? Bir müəllimim dedi ki, nəyinə lazımdır, hamı belə rəqs edir, sən də elə. O biri dedi ki, qədim Romada bu, (qollarını yana açaraq baş barmağını yuxarı tutur-red.) həyat rəmzi, bu isə (qollarını yana açıb baş barmağını üzü aşağı tutur-red.) ölüm rəmzi idi.

Bu cavablar məni qane etmədi və araşdırmağa başladım... Baxın, biz axı islamdan əvvəl Göy tanrısına inanmışıq, tanrıçı olmuşuq. O adətlərimizə görə, uşağa iki ad verərdilər - biri hamının bildiyi ad, məsələn, Rüfət, Əhməd və s., biri də tam gizli, ancaq valideynlərin bildiyi adlar idi. İnancımız da o ruha bağlı idi ki, uşaq məhz o adın ruhunda böyüyəcək. Görün övladlarımıza hansı ad qoyuruq - Şahin, Tərlan, Toğrul, Laçın və s. Bunlar hamısı qartal sinfinə aid olan cəsurluq simvolu, Səlcuqların və bir çox xanlıqlarımızın bayraqlarında olan qartal sinfindən olan quşların adlarıdır. Təbii ki, övladlarımıza o adları qoyurduqsa, demək, rəqsimizdə də onları tərənnüm edir, onlara bənzətmə edirdik, ona görə rəqs zamanı qollarımızı qanad kimi açırıq.
Yumruqlar məsələsinə gələndə, alpların daş abidələrini araşdıranda gördüm ki, əksər qəbirlərin üzərindəki məhz qoç fiqurlarıdır. Həmin o qoç fiqurlarıdır ki, biz rəqslərimizdə göstəririk. Həmin oelementlər igidlik, qartal qanadları cəsurluq rəmzidir. Amma təəssüf ki, son vaxtlar el şənliklərimizdə, hətta bəzən peşəkar səhnələrdə o ruhdan uzaqlaşırıq.
- Rüfət müəllim, "Qaytağı"dan danışdınız, ağlıma bizim "Şələqoy" rəqsimiz gəldi. Onu da niyəsə "Şalaxo" kimi tanıyırlar və gürcü rəqsi bilirlər. "Şələqoy" da "Şalaxo"ya çevrildi.
- Çox yaxşı sualdır. Bizim ən böyük problemimiz bilirsiniz nədədir? Məsələ bundadır ki, bəzən özümüz çalıb, özümüz oxuyub, özümüz oynayıb, özümüz özümüzü izləyirik.

Düzdür, son dönəmlər ansambl olaraq səfərlərimiz çoxdur. Bu yaxınlarda İsveçrədə idik. Mən 29 ildir bu ansamblda çalışıram, bizim İsveçrəyə böyük heyətlə səfərimiz heç vaxt olmayıb. İsveçrənin Montre şəhərində, möhtəşəm bir salonda Azərbaycan Dövlət Rəqs Ansamblının solo konserti oldu. Görəydiniz tamaşaçılar necə maraqla, necə sevgi ilə izləyirdilər. İnanın, insanlar vardı ki, mədəniyyətimizi görəndə sevincdən gözləri yaşarmışdı. Yəni demək istəyirəm ki, "Şələqoy"un "Şalaxo" kimi tanınmasının günahı elə özümüzdədir.
- "Şalaxo" da ayrıca rəqs kimi yoxdur, düz anladım?
- Elə o məsələyə gəlirəm... 1959-cu ildə Əfrasiyab Bədəlbəyli iki məqalə yazıb. Araşdırıb tapmışam, məndə var. Təbii ki, o dövrdə Əfrasiyab müəllim birbaşa deyə bilmirdi ki, bu rəqs Azərbaycan türklərinindir və gürcülərlə ermənilər onu bizdən götürüblər. Çünki o vaxt xalqlar birliyi anlayışı vardı, müəyyən şeyləri söyləmək olmurdu. Amma Əfrasiyab müəllim həmin yazılarda xüsusi ilə altını cızaraq qeyd edir - bu, Azərbaycanın xalq rəqsidir. Sözə baxın - şələ. Gürcüdən də, ermənidən də, istənilən başqa Qafqaz xalqlarından da soruşsanız ki, "şalaxo" nə deməkdir, mənasını bilməyəcəklər. Mən bir xoreoqraf kimi araşdırdığım üçün sizə əminliklə deyirəm ki, bilmirlər. "Ə" hərfini tələffüz edə bilmədikləri üçün "a" deyirlər. Əfrasiyab müəllim də məhz onu vurğulayır ki, bu ad şələ sözü ilə bağlıdır.
Zamanında cavanlar meşəyə gedərdilər, odun toplayıb, şələ yığardılar. Yorğun halda yol gələ-gələ deyərdilər ki, gəl, şələni yerə qoyaq, bir az dincələk. Rəqsin adı da bununla bağlıdır.
- Rəqs geyimlərimizdəki elementlər də bənzərdir.
- Fikir verin, kişilərimizin geyimlərində altdan geyinilən köynəyin adı arxalıqdır, gürcülər ona "arxaluki" deyirlər, üstən geyindiyimiz çuxadır, gürcülər ona "çoxa" deyirlər, papağa hamı papaq deyir. Papaq sözünün etimologiyasına nəzər yetirsək, bütün sözlüklərdə yazılıb ki, türk sözüdür. Başlıq - belə bir söz də var. Başlığı səhnəyə biz gətirdik. Bir çox rəqslərimizin videolentlərində də görürük ki, artıq başımızdan papaqlar getmişdi...

-Rüfət müəllim, bəlkə bəzi məsələlər ikinci plana keçdiyi üçün biz belə vəziyyətlə rastlaşırıq? Məsələn, bu gün Azərbaycan Dövlət Rəqs Ansamblının özünü dünyaya tanıtması üçün hər bir şəraiti varmı? Bu ansamblda bu gün rəqs edən və ya rəqs etmək istəyən rəqqasların rahat məşqi üçün bir yer, imkan varmı? Bəlkə biz elə bu problemlərin fonunda itiririk?
- Yox... Əlbəttə, sözünüzdə həqiqət var, amma icazə verin, bunun əvvəlindən başlayaq. Bu, indinin problemi deyil.
- Bəli, indinin problemi deyil, amma məsələ burasındadır ki, fakt olaraq siz bu gün Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbərisiniz. Bir rəhbər kimi də qarşınızda olan maneələri görürsünüz və yəqin ki, rəhbərliyiniz altında rəqs edən həmkarlarınız da bu barədə sizə deyirlər. İlk olaraq ondan başlayaq ki, məşqləri harada edirsiniz?
- Biz Dövlət Akademik Filarmoniyasının ansamblı sayılırıq. Filarmoniyada da bizə uyğun rəqs zalı yoxdur. Uzun müddətdir bu problem var. Rəqs ansamblı 1970-ci ildə yarandığı vaxtdan bu ansamblın öz doğma məkanı olmayıb, hər zaman haradasa məşq etmişik. Hazırda da Rəqs Akademiyasının zalında (Bakı Xoreoqrafiya Akademiyası nəzərdə tutulur - red.) məşq edirik. Qeyd edim ki, bu problem nazirin nəzarətindədir və yaxın zamanlarda məsələ öz həllini birdəfəlik tapacaq. Nazir bununla məşğuldur və mənə də söylədi ki, yenə də haradansa harasa köç edə-edə ömür sürmənizi istəmirəm. İstəyirəm ki, sizin üçün bir ocaq yaradım və siz o ocaqda öz fəaliyyətinizi davam etdirəsiniz. Bu, məsələnin həllidir. Biz hər dəfə haradasa icarəyə pul xərcləyərək öz gələcəyimizi sual altına qoyuruq.
- Belə ruh da formalaşmır axı...
- Bilirsiniz, nəinki rəqqas, ümumiyyətlə, istənilən sahədə olan sənət adamı problemlə yaşamamalıdır. Demirəm ki, var-dövlət içində olmalıyıq. Var-dövlət içində heç vaxt böyük sənət yaranmır.
- Rüfət müəllim, burada bir ciddi nüans var. Məsələn, Akademik Milli Dram Teatrı deyəndə, ağıldan keçən "O səhnədə bilirsən kimlər məşq edib, kimlər səhnəyə çıxıblar?" olur. Yaxud Musiqili Komediya Teatrı - yenə eyni fikir, eyni düşüncə. Yəni səni səhnəyə bağlayan bir bağ, məsuliyyət yükü var - sən kökü, yuvası olan Akademik Milli Dram Teatrının, "Muskomediya"nın səhnəsindəsən. Biz indi sizinlə rəqs edənlərin problemlərindən danışırıq ki, bəylər, xanımlar necə rəqs edirlər, amma gəlin məsələyə bir də bu tərəfdən baxaq. Siz Dövlət Rəqs Ansamblı olaraq harada rəqs edirsiniz? Hanı o ocaq? Rəqqas kimi siz bu gün bu studiyada, sabah hansısa başqa bir studiyada da rəqs edə bilərsiniz.
Məsələn, sovet dövründə Böyükağa Məmmədovun rəhbərlik etdiyi məşhur "Cücələrim" ansamblı vardı. Biz şəhər mühitindən uzaqda böyüdüyümüz halda belə "Cücələrim"i tanıyırdıq, sevirdik, izləyirdik. Bu gün də bu adlar var, amma onları əvvəlki coşqu ilə görə bilmirik. Bütün bu pərakəndəlik sözünü etdiyimiz həmin məkansızlığın bariz nümunəsi deyilmi? Sanki mən varam, amma həm də yoxam... Məhz bu səbəbdən ansambl rəhbəri kimi sizdən soruşmaq istəyirəm, bu gün Dövlət Rəqs Ansamblının həllini gözlədiyi əsas məsələ nədir?

- Təbii ki, müəyyən problemlər var. Çünki bu gün rəqsə maraq azalır. Rəqqasların ən böyük problemi odur ki, bizim pensiyamız yoxdur. Ən böyük problemimiz budur.
- Necə yəni pensiyanız yoxdur?
- Biz də 65 yaşında pensiyaya çıxmalıyıq. İndi özünüz fikirləşin - mənim 45 yaşım var. Bundan sonra hələ 20 il də ifaçı kimi rəqs etməliyəm ki, pensiyaya çıxa bilim. Bu da rəqsə axının, marağın azalmasında çox böyük səbəbdir. Əgər qonşu dövlətlərə nəzər yetirsək, elə sovet vaxtında da belə idi, rəqqaslar səhnədə 20 il ifa edirdilər və pensiyaya çıxırdılar. Çünki 20 ildən sonra artıq üz cizgiləri dəyişir, fiziki olaraq çətin elementləri ifa etmək olmur. Bu, həqiqətən böyük problemdir. Rəqsə axının olmaması ilə bağlı daha böyük problem yaşayırıq. Əgər bundan öncə biz 20 nəfərdən 5 nəfəri bəyənib ansambla işçi kimi dəvət edirdiksə, bu gün o axın yoxdur, 5 nəfəri güclə tapırıq. Bu da maddiyyatla bağlıdır. Bayaq dediyim kimi, sənət adamı düşünməməlidir ki, sabah çörək pulunu haradan tapacaq, yaxud 45 yaşı keçəndən sonra nə işlə məşğul olacaq? Mənə elə gəlir ki, bu problem də öz həllini yaxın vaxtlarda tapacaq.
- Dediniz ki, 65 yaşında pensiyaya çıxacaqsınız. Burada məsələnin başqa bir tərəfi ortaya çıxır. Düzdür, bilmirəm rəqqaslar nə qədər maaş alırlar, amma narazılıq edənlər var ki, niyə mən pul qazanmaq üçün gedib toyda oynamalıyam? Yəqin siz də razılaşarsınız ki, bəzən insanın çiynində olan məsuliyyət yükü, cəmiyyətdəki yeri ona heç o imkanı da vermir. Amma başqa çıxış yolu da görünmür. Bəs belə olanda?
- Çıxış yolu axtarmaq lazımdır. Konfutsinin yaxşı bir sözü var, deyir ki, zülməti söymək lazım deyil, bacarırsınızsa, qaranlıqda şam yandırın. Biz də problemin həllini axtarmalıyıq. Sizinlə tam razıyam ki, rəqqaslar toylarda ifa etməməlidirlər. Çünki toydakı ifa professional səhnədə olan ifadan tam fərqlidir. Belə desək, "xaltura"dır. Həmin bu "xaltura" da zamanla onun xasiyyətinə keçir, sonra səhnəyə daşınır və sənət ucuzlaşır.
Məsələn, qonşu Gürcüstanı götürək. Kiçik bir ölkədir və bizim qədər sərvəti yoxdur, amma onların rəqs ansambllarına baxın. Azı on ansambl adı sadalayaram ki, hamısı bir-birindən yaxşı. Hər biri xarici səfərlərdə olur, normal dolanır, pul-para qazanırlar. Bunun üçün bizim də bütün bazamız var. Dövlət Rəqs Ansamblının bugünkü proqramı buna imkan verir. Yaranandan bu günə bizdə belə proqram olmayıb. İndi çıxış yolumuz odur ki, xaricə çıxaq, həm pul qazanmaq, həm də milli mədəniyyətimizi dünyaya çatdırmaq üçün bunu edək. Sovet dönəmində bizə basqı var idi. Nə üçünsə "Suxuşvili" ansamblı İngiltərəyə üçaylıq konsertə gedirdi, bizim ondan da güclü olan rəqs ansamblımız getmirdi.

Azərbaycanın rəqs ansamblının yaradıcısı Xalq artisti Əlibaba Abdullayev idi. Deyərdim ki, o, bizim səhnə xalq rəqsimizin banisidir. Üzeyir bəy Hacıbəyov musiqimiz üçün kimdirsə, Əlibaba Abdullayev də eyni səviyyəli insandır. Necə olur ki, Suxuşvili ansambl yaradır, onun adına ansambl var, Qodenko, Moiseeva, Virski və, və, və ... Amma bizim Mahnı və Rəqs Ansamblının bünövrəsini qoyan, Üzeyir bəyin dəvəti ilə altı ay həmin ansamblın bədii rəhbəri olan Əlibaba Abdullayevin adına ansambl yoxdur. Məsələ ondadır ki, sovet dövründə bizim ansambla xaricə səfər etməyə imkan verilməyib, ən yaxşı halda 15 respublikanın içində dolanırdıq. Başqa xalqların mədəniyyətini isə reklam edirdilər deyə onlarda bünövrə yaranıb. Biz isə həmin o bünövrəni indi yaratmaq istəyirik. Dediyim kimi, problemin həllini tapmaq lazımdır.
- Deyəsən, problemin həlli tərəfə getmirik.
- Niyə?
- Bilmirəm niyə. Sadəcə deyirik. Biz problemdən danışmağı sevmirik və problemdən yalnız o zaman danışırıq ki, bizi heç kim eşitmir - "öz aramızda qalsın" müstəvisində... Nə isə, bunun üstündən keçək...
- Yox, mən axı danışdım... (gülür)
- Rüfət müəllim toyda hansı havaya oynamağı sevir? Yaxınların, dostların toylarında.
- Ən çox sevdiyim havalardan biri "Köhnə Bakı"dır, bir də "Uzundərə"...






