Türkiyənin İstanbul şəhərində naməlum şəxslər məşhur "Teşkilat" serialının çəkiliş meydançasına daxil olmağa cəhd edərək əməkdaşlardan pul və avtomobil tələb ediblər. Tələbləri rədd edildikdən sonra isə çəkiliş qrupunu hədələməyə başlayıblar.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, özlərini yerli prodüser şirkətinin əməkdaşları kimi təqdim edən şəxslər Beykoz rayonundakı çəkiliş meydançasına daxil olmağa çalışıblar.
Lakin mühafizə xidməti onların əraziyə girməsinə icazə verməyib. Bundan sonra həmin şəxslər çəkiliş qrupunu hədələyərək pul və avtomobil tələb ediblər.
Məlum olub ki, şübhəlilər təkcə bu serialın çəkiliş meydançasını deyil, küçələrdə və ictimai yerlərdə fəaliyyət göstərən digər çəkiliş qruplarını, o cümlədən film və reklam komandalarını da hədəfə alıblar.
Daxil olan şikayətdən sonra polis araşdırmalara başlayıb. Soyğunçuluqla mübarizə şöbəsinin əməkdaşları şübhəlilərin hadisə yerinə gəldikləri avtomobilin dövlət qeydiyyat nişanı vasitəsilə onların şəxsiyyətini müəyyənləşdiriblər.
Keçirilən əməliyyat nəticəsində dörd şübhəli saxlanılıb. Türkiyə KİV-in məlumatına görə, onlar çəkiliş qruplarından hədə-qorxu yolu ilə pul və avtomobil almağa, həmçinin "küçə haqqı" (sokak hakkı) adı altında ödəniş tələb etməyə çalışıblar.