Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızının vəkilinin həbsinin detalları məlum olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, vəkil Raman Abışov bir neçə gün əvvəl polis tərəfindən saxlanılıb.
Məlumata görə, vətəndaş bir neçə şəxsin əvvəlcədən razılaşaraq ondan müxtəlif vaxtlarda 70 min manat pul tələb etməsinin qarşısının alınması ilə bağlı polisə müraciət ünvanlayıb.
Hadisənin mahiyyətində bir neçə il əvvəl başlanmış avtomobil alqı-satqısı üzrə biznes münasibətləri dayanır. Tərəflər arasında yaranmış pul mübahisəsindən sonra zərərçəkmiş şəxs borcunun qaytarılmasını tələb edib. Bundan sonra məsələ daha fərqli müstəviyə keçib.
Pulun alınması üçün vətəndaşa psixoloji təzyiq göstərilməsi, onun həbs ediləcəyi ilə hədələnməsi və hüquq-mühafizə orqanlarında yüksəkvəzifəli şəxslərin bu məsələdə maraqlı olmalarında dair görüntünün yaradılması planlaşdırılıb.
Bu sxemdə adı hallanan şəxslərdən biri də Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili olmuş Raman Abışovdur.
O, özünü hüquq-mühafizə orqanlarında rəhbər vəzifəli şəxs kimi təqdim edərək vətəndaşa təzyiq göstərilməsində iştirak edib.
Hətta əldə ediləcək pulun bir hissəsini ona veriblər.
Lakin vətəndaşın polisə müraciətindən sonra məsələnin əsl mahiyyəti üzə çıxıb. Məlum olub ki, özünü hüquq-mühafizə orqanlarında rəhbər vəzifəli şəxs kimi təqdim edən R.Abışovun belə bir vəzifəsi və səlahiyyəti yoxdur, təqdim olunan şəxs və şəxslər real adamlar deyillər. Beləliklə, vətəndaşa göstərilən təzyiqin və yaradılan "vəzifəli şəxs - general qohumu" görüntüsünün saxta olduğu aydınlaşıb.
Onlar əvvəlcə vətəndaşdan 40 min manat, daha sonra isə əlavə 30 min manat tələb edərək hədə-qorxu ilə ələ keçiriblər. Sonradan əlavə pul vəsaitləri tələb edərək onun həbsinə səbəb olacaq motivlərin ləğv olunmasına dair vədlər veriblər.
Diqqətçəkən məqamlardan biri isə Raman Abışovun ictimaiyyətə tanınan hüquqi təmsilçilik fəaliyyəti ilə bağlıdır.
Belə ki, o, Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın əmlak məsələləri üzrə vəkili kimi də tanınıb.
Faktla bağlı polis idarəsində başlan cinayət işi çərçivəsində cinayətdə iştirak edən şəxslər saxlanılaraq həbs ediliblər.