Bu gün dünya futbolunun əfsanəvi qapıçılarından biri, Danimarka millisinin və "Mançester Yunayted"in sabiq üzvü Peter Şmeyxel 63 yaşını qeyd edir. O, təkcə möhtəşəm seyvləri, meydandakı liderliyi və qazandığı titullarla deyil, həm də qeyri-adi həyat yolu ilə futbol tarixində iz qoyub.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə peşəkar futbolçu olmamışdan əvvəl müxtəlif sahələrdə çalışan, Danimarkanı Avropanın zirvəsinə daşıyan və "Mançester Yunayted"lə tarixi uğurlara imza atan Peter Şmeyxelin həyat hekayəsindən bəhs edəcəyik.
Polşalı ata, danimarkalı ana və fərqli uşaqlıq
Peter Boleslav Şmeyxel 1963-cü il noyabrın 18-də Danimarkanın Qladsakse şəhərində dünyaya gəlib. Anası İnqer tibb bacısı, atası Antoni isə polşalı caz musiqiçisi olub. Atasının Polşa vətəndaşı olması səbəbindən Peter də həyatının ilk altı ilində Polşa vətəndaşlığını daşıyıb. 1970-ci ildə ailəsi ilə birlikdə Danimarka vətəndaşlığını qəbul edib.
Onun uşaqlığından bəhs edərkən ailəsinin keçmişinə də toxunmaq lazımdır. Atası İkinci Dünya müharibəsi dövründə Polşada ağır hadisələr yaşayıb. Şmeyxel illər sonra atasının həyat hekayəsini daha yaxından öyrənib. Antoni uzun müddət keçmişi barədə danışmasa da, Berlinə birlikdə səfərləri zamanı oğluna həyatının ən çətin dövrlərindən bəhs edib.
Peterin xarakterində atasının təsirini hiss etmək mümkündür. O, meydanda sərt, tələbkar və özünəinamlı davranışı ilə seçilirdi. Qapıçı kimi təkcə seyvləri ilə deyil, müdafiəçiləri daim yönləndirməsi və rəqib hücumçularına psixoloji təzyiq göstərməsi ilə də fərqlənirdi.
Futboldan əvvəl müxtəlif işlərdə çalışdı
Şmeyxelin futbol karyerası indiki ulduzların bir çoxundan fərqli başlayıb. O, peşəkar futbolçu kimi tanınmamışdan əvvəl tekstil fabrikində işləyib, qocalar evində təmizlik işçisi olub, satış meneceri kimi fəaliyyət göstərib, həmçinin döşəmə örtükləri satışı ilə məşğul olan şirkətdə çalışıb.
Futbola isə uşaqlıqdan maraq göstərib. İlk matçını səkkiz yaşında keçirən Peter sonradan müxtəlif Danimarka klublarının aşağı yaş qruplarında çıxış edib.
1984-cü ildə "Hvidovre"yə keçən qapıçı burada özünü göstərməyi bacarıb. Daha sonra Danimarkanın güclü klublarından olan "Bröndbü"yə transfer olunub. 1987-ci ildə bu komandada debüt edən Şmeyxel qısa müddətdə ölkənin ən yaxşı qapıçılarından birinə çevrilib.
O, "Bröndbü" ilə Danimarka çempionluqları yaşayıb, 1990-cı ildə ölkənin ən yaxşı futbolçusu seçilib. Avropanın diqqətini cəlb etməsi isə artıq zaman məsələsi idi.

Danimarkanın gözlənilməz Avropa çempionluğu
Şmeyxelin karyerasının ən unudulmaz səhifələrindən biri 1992-ci ildə yazılıb. Həmin vaxt Danimarka millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməmişdi. Yuqoslaviyanın turnirdən kənarlaşdırılmasından sonra danimarkalılar yarışa son anda dəvət olundular.
Komandanın turnirə hazırlaşmaq üçün cəmi iki həftəsi var idi. Heç kim Danimarkanı çempionluğun əsas namizədlərindən hesab etmirdi. Lakin baş məşqçi Riçard Möller-Nilsenin komandası bütün proqnozları alt-üst etdi.
Qrup mərhələsini keçən Danimarka yarımfinalda Niderlandla qarşılaşdı. Əsas və əlavə vaxt 2:2 hesabı ilə başa çatdı. Penaltilər seriyasında isə Şmeyxel Niderlandın ulduz futbolçusu Marko van Bastenin zərbəsini dəf etdi. Bu seyvlə komandasının finala yüksəlməsində həlledici rol oynadı.
Finalda rəqib son dünya çempionu Almaniya idi. Danimarkalılar 2:0 hesablı qələbə qazanaraq Avropa çempionu oldular. Şmeyxel həmin oyunda da bir neçə möhtəşəm seyvlə diqqət çəkdi.
Beləliklə, turnirə son anda qatılan Danimarka Avropanın ən güclü komandası oldu. Şmeyxel isə bu uğurun əsas qəhrəmanlarından birinə çevrildi.
"Mançester Yunayted"ə keçid və böyük uğurlar
1991-ci ildə Peter Şmeyxel "Mançester Yunayted"ə transfer olundu. İngiltərə klubunun onun üçün "Bröndbü"yə ödədiyi məbləğ təxminən 505 min funt sterlinq idi. Baş məşqçi Aleks Ferqyuson sonradan bu transferi ən uğurlu və sərfəli qərarlarından biri kimi qiymətləndirirdi.
Şmeyxel "Old Trafford"da keçirdiyi səkkiz mövsüm ərzində komandanın əsas simalarından birinə çevrildi. Onun qapıdakı inamlı oyunu, güclü fiziki göstəriciləri və liderlik xüsusiyyətləri "Mançester Yunayted"in uğurlarında mühüm rol oynadı.
Danimarkalı qapıçı İngiltərə klubu ilə beş dəfə Premyer Liqanın, üç dəfə isə İngiltərə Kubokunun qalibi oldu. 1999-cu ildə futbol tarixinin ən yaddaqalan mövsümlərindən birini yaşadı.
Həmin il "Mançester Yunayted" Premyer Liqa, İngiltərə Kuboku və UEFA Çempionlar Liqasını qazanaraq "Trebl"ə imza atdı. Şmeyxel "Bavariya" ilə Çempionlar Liqasının finalında komandanın kapitanı idi.
Barselonada keçirilən finalda "Mançester Yunayted" oyunun böyük hissəsini 0:1 hesabı ilə geridə keçirsə də, əlavə olunmuş dəqiqələrdə iki qol vuraraq 2:1 hesablı qələbə qazandı. Şmeyxel də klubun tarixindəki bu möhtəşəm uğurun bir parçası oldu.

İngiltərədən sonra Portuqaliya, daha sonra Mançester derbisi
1999-cu ildə "Mançester Yunayted"dən ayrılan Şmeyxel karyerasını Portuqaliyanın "Sportinq" klubunda davam etdirdi. İlk mövsümündə komanda ilə ölkə çempionluğunu qazandı.
Daha sonra İngiltərəyə qayıdaraq "Aston Villa" və "Mançester Siti"də çıxış etdi. Maraqlıdır ki, karyerasının son mərhələsində "Mançester Siti"nin formasını da geyindi. Beləliklə, o, Mançester şəhərinin hər iki böyük klubunda çıxış edən qapıçılardan biri oldu.
Şmeyxel 2003-cü ildə peşəkar futbolçu karyerasını başa vurdu.

129 oyun, bir qol və rekordlar
Peter Şmeyxel 1987-2001-ci illərdə Danimarka millisində çıxış edib. O, milli komandanın heyətində 129 oyun keçirib və bir qol vurub. Uzun müddət Danimarka millisində ən çox oyun keçirən futbolçu rekordunu da özündə saxlayıb.
O, karyerası ərzində ümumilikdə 11 qol vurub. Bu qolların arasında başla, penaltidən və hətta akrobatik zərbə ilə vurulan toplar da var. Qapıçı üçün bu, qeyri-adi göstəricidir.
Şmeyxel 1992 və 1993-cü illərdə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən dünyanın ən yaxşı qapıçısı seçilib. 2001-ci ildə isə Britaniya İmperiyası Ordeninin üzvü adına layiq görülüb.

Oğlunun uğuru ilə davam edən ailə ənənəsi
Peter Şmeyxelin futbol hekayəsinin daha bir maraqlı tərəfi oğlu Kasperlə bağlıdır. O da atasının yolunu seçərək qapıçı olub və Danimarka millisinin əsas üzvlərindən birinə çevrilib.
2016-cı ildə Kasper "Lester Siti" ilə İngiltərə Premyer Liqasının qalibi olub. Beləliklə, ata və oğul Premyer Liqa çempionluğu yaşayan nadir ailələrdən birinə çevriliblər.
Peter Şmeyxel Danimarka futbolunun simvollarından biri, "Mançester Yunayted" tarixinin ən yaddaqalan qapıçılarından və 1992-ci ilin Avropa çempionluğunun əsas qəhrəmanlarından biridir.
