"Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat vəsait proqnozlaşdırılıb".
Oxu.Az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsində deyib.
O bildirib ki, Azərbaycan mədəniyyətinin televiziya vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, teatr və kino sahələrinin inkişaf etdirilməsi məqsədilə tədbirlərin maliyyələşdirilməsi üçün 13.3 milyon manat ayrılması nəzərdə tutulur:
"Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş tədbirləri üzrə isə 26.8 milyon manat vəsait planlaşdırılıb. Bununla yanaşı, növbəti ilin büdcə layihəsində bəzi təşkilatların, o cümlədən teatr, konsert müəssisələrinin fəaliyyəti ilə bağlı 51.6 milyon manat, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti üçün 3.4 milyon manat, Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılması üçün 3.1 milyon manat vəsait ayrılacaq. Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat vəsait nəzərdə tutulub".