Bakının mərkəzində yerləşən memarlıq abidəsinin tarixi qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilib.
Oxu.Az xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanında yerləşən, 3426 nömrəsi ilə dövlət qeydiyyatına alınmış memarlıq abidəsinin tarixi qapısı sökülüb. Qapının əvəzinə şüşə konstruksiya yerləşdirilib.
Qeyd edilir ki, bu, artıq sözügedən ünvanda tarixi qapının dəyişdirilməsinə edilən ikinci cəhddir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumatda bildirilib ki, müdaxilə ilə bağlı araşdırmaya başlanılıb:
"Xidmətin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilərkən binanın birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verildiyi, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyi müəyyən edilib.
Hazırda müdaxilə faktı ilə bağlı araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür. Eyni zamanda, abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlər davam etdirilir.
Bir daha bütün vətəndaşları, o cümlədən tarix və mədəniyyət abidələrinin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsimizə həssas yanaşmağa, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinə çağırırıq.
Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin konstitusion borcudur".