Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda aparılan arxeoloji qazıntılar zamanı V-VI əsrlərə aid olduğu ehtimal edilən sarayın bir hissəsi aşkar edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb.
Məlumata görə, arxeoloji qazıntılar Marneuli bələdiyyəsinin İkinci Kosalı kəndində aparılır. Aşkar edilən qalıqlar çayın yaxınlığında, sıldırım sahilin kənarında yerləşən qədim tikilinin alçaq divar bünövrələrindən ibarətdir.
Mütəxəssislərin ilkin ehtimalına görə, tikili yerli hökmdara və ya nüfuzlu zadəgan ailəsinin nümayəndəsinə məxsus saray olub.
Hazırda kompleksin digər sahələrində arxeoloji tədqiqatlar davam etdirilir. Növbəti mərhələdə divarların, kirəmit qatlarının və qədim otaqların döşəmələrinin üzə çıxarılması planlaşdırılır.
Sarayın tədqiqində iştirak edən arxeoloq David Mindoraşvilinin sözlərinə görə, tikili müxtəlif otaqlardan, dəhlizlərdən və anbar sahələrindən ibarət olub və vahid memarlıq planı əsasında inşa edilib.