Böyük Britaniyanın "Amalgam Collection" şirkəti "Bugatti Tourbillon" hiperkarının miniatür modelini hazırlayıb.
Oxu.Az xəbər verir ki, modelin uzunluğu 58 santimetrdən çoxdur. Bir nüsxənin yığılmasına 300 saatdan artıq vaxt sərf olunur. Modelin hazırlanması və təkmilləşdirilməsi prosesi isə ümumilikdə 3 000 saatdan çox davam edib.
Bildirilir ki, miniatürün yığılması zamanı minlərlə detaldan istifadə olunur. Bunların arasında tökmə elementlər və fotoaşındırma üsulu ilə hazırlanmış hissələr də var.
Modelin orijinal avtomobilə uyğunluğuna və detalların dəqiqliyinə "Bugatti"nin dizaynerləri və mühəndisləri nəzarət ediblər.
Qeyd edək ki, orijinal "Bugatti Tourbillon" 1 800 at gücünə malik güc qurğusu ilə təchiz olunub.
Təxminən iki ton çəkisi olan hiperkar saatda 445 kilometr sürət yığmaq imkanına malikdir. Avtomobilin istehsalı 250 nüsxə ilə məhdudlaşdırılıb.
