Türk kinosunun tanınmış simalarından biri olan Oya Aydoğan güclü xarakterə malik, özünəinamlı qadın obrazları, istedadı və özünəməxsus ifa tərzi ilə "Yeşilçam" tarixində silinməz iz qoyub.
Uşaqlıqdan aktrisa olmağı arzulayan Oya Aydoğan ailəsinin etirazlarına baxmayaraq, sənət yolundan dönməyib. O, 1976-cı ildə "Ses" jurnalının təşkil etdiyi VIII "Sinema Artisti" müsabiqəsində birinci yeri tutaraq kino dünyasına qədəm qoyub.
1970-ci illərin ikinci yarısından etibarən şöhrət qazanmağa başlayan sənətçi karyerası ərzində 51 filmdə və 13 televiziya serialında rol alıb. O, Kemal Sunal, Cüneyt Arkın, Kadir İnanır, Ferdi Tayfur, Müslüm Gürses, Orhan Gencebay və İbrahim Tatlıses kimi məşhur sənətçilərlə eyni ekranı bölüşüb.
Oya Aydoğanın həyatında Banu Alkanla uzun illər davam edən rəqabət, "Yeşilçam"ın ağır çəkiliş şəraiti və maddi çətinliklərlə yanaşı, uğursuz evliliklər də xüsusi yer tutub.
Aktrisa 1979-cu ildə iş adamı Haluk Ulusoy, 1988-ci ildə isə Latif Demirbağ ilə ailə həyatı qurub. Onun ikinci evliliyindən bir oğlu dünyaya gəlib.
Sonrakı illərdə kino ilə yanaşı, televiziya aparıcılığı ilə də məşğul olan Aydoğan 2011-ci ildə Emel Müftüoğlu ilə birlikdə "Şekerli Kahve" proqramını aparıb. Ömrünün son illərində isə Lerzan Mutlu ilə "Söylemezsem Olmaz" maqazin proqramında çalışıb.
2016-cı ilin mayında qida boğazında ilişdikdən sonra xəstəxanaya yerləşdirilən aktrisaya aorta anevrizması diaqnozu qoyulub. Oya Aydoğan mayın 15-də 59 yaşında İstanbulda vəfat edib.