Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Türkiyənin Gürcüstandakı səfiri Mustafa Türker Ali ilə görüşdə Batumidə "Beşiktaş" futbol klubunun bəzi azarkeşlərinin təxribatçı davranışından təəssüfləndiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
XİN-in məlumatında bildirilib ki, Darsaliya bəzi azarkeş qruplarının təxribatçı və aqressiv hərəkətlərinin stadionun infrastrukturuna ciddi ziyan vurmasına, eləcə də Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşının xəsarət almasına səbəb olduğunu vurğulayıb.
Görüşdə nazir müavini Gürcüstan tərəfinin iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərini nəzərə alaraq, mövcud risklərə baxmayaraq, Türkiyə azarkeşlərinin matçda iştirakına şərait yaratdığını qeyd edib.
Darsaliya Türkiyə tərəfinin azarkeşlərin davranışına lazımi qiymət verəcəyinə və gələcəkdə belə halların təkrarlanmasına imkan verməyəcəyinə ümid etdiyini bildirib. O vurğulayıb ki, ayrı-ayrı qrupların məsuliyyətsiz davranışı iki ölkə arasındakı dostluq münasibətlərinə kölgə salmamalıdır.
Xatırladaq ki, noyabrın 26-da Batumidə Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel Beer-Şeva" komandaları arasında Avropa Liqasının neytral meydanda keçirilməsi qərara alınmış oyunu baş tutub.
Matçdan əvvəl polis və "Beşiktaş" azarkeşləri arasında toqquşmalar yaşanıb. İlk hissənin ortalarında Türkiyə klubunun azarkeş sektorunda iğtişaşlar başlayıb və polis güc tətbiq edib. Qarşılaşma təxminən yarım saatlıq dayandırıldıqdan sonra bərpa olunub.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Türkiyə klubunun 16 azarkeşi saxlanılıb, daha sonra sərbəst buraxılıb. Hadisələr zamanı üç polis əməkdaşı xəsarət alıb.