Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) Şimal-Şərqi Anadolu bölgəsinin rəhbəri Nuh Şenol Batumidə "Beşiktaş" - "Hapoel Beer-Şeva" matçından sonra baş verən hadisələrə görə Gürcüstana turların təşkil edilməsinin dayandırılması barədə qərar qəbul etdiklərini açıqlayıb.
Oxu.Az bu barədə DHA agentliyinə istinadən xəbər verir.
O bildirib ki, Gürcüstan hökumətindən üzrxahlıq xarakterli açıqlama verilməyənədək qərar qüvvədə qalacaq.
Şenol turizm səfərlərinin dayandırılması qərarının yalnız son hadisə ilə bağlı olmadığını vurğulayıb. Onun sözlərinə görə, Türkiyə vətəndaşları uzun müddətdir Sarp sərhəd-keçid məntəqəsində və Gürcüstana giriş zamanı müxtəlif problemlərlə üzləşirlər.
"Bir neçə ildir Gürcüstan sərhədində Türkiyə vətəndaşlarına qarşı ikinci dərəcəli insan münasibəti göstərildiyini müşahidə edirdik. Bu məsələləri aidiyyəti qurumlara da çatdırırdıq. Lakin sərhəd qaydaları ilə bağlı məhdudiyyətlər səbəbindən müdaxilə imkanlarımız az idi. Son hadisə illər ərzində toplanan narazılıqların üzə çıxmasına səbəb oldu. Biz də turizm agentlikləri olaraq etirazımızı bildirmək istədik", - deyə o qeyd edib.
Qərarın turizm sektoruna iqtisadi baxımdan təsir göstərəcəyini bildiklərini deyən Şenol milli məsələlərdə güzəştə getməyəcəklərini vurğulayıb. Onun sözlərinə görə, qərar xüsusilə dekabrın 14-dən yanvarın 14-dək keçirilməsi planlaşdırılan Milad yarmarkası turlarına təsir edəcək. Artıq rezervasiya edən müştərilərlə əlaqə saxlanılır. Bəzi turistlərə alternativ istiqamətlər təklif olunur, başqa turlara qatılmaq istəməyənlərə isə ödənişləri geri qaytarılır.