İran ABŞ qüvvələrinə qarşı hərbi əməliyyatlar zamanı İlon Maskın "Starlink" peyk internet sistemindən istifadə edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, bu, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı martın ilk günlərində baş verib.
"Starlink" sistemindən istifadə İran qüvvələrinin idarə olunmasına və birdəfəlik hücum dronlarının fəaliyyətinə nəzarət edilməsinə imkan verib. Bu barədə məlumat ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) hərb naziri Pit Heqsetə təqdim etdiyi məxfi hesabatda da əksini tapıb.
Mənbələrdən biri bildirib ki, ABŞ qüvvələrinin İranın ənənəvi rabitə sistemlərini sıradan çıxarmağa çalışdığı bir vaxtda "Starlink" Tehran üçün alternativ rabitə vasitəsinə çevrilib.
Məlumatda İlon Maskın ABŞ ordusunun da ona məxsus peyk rabitə sistemindən icazəsiz istifadə etməsindən narazı qaldığı qeyd olunur. Belə ki, Pentaqon "Starlink"in hərbi versiyası olan "Starshield" sisteminin daha ucuz, yalnız yerüstü əməliyyatlar üçün nəzərdə tutulan abunə paketindən istifadə edərək LUCAS adlı birdəfəlik hücum dronlarını idarə edib.
Qəzet yazır ki, martın 1-də Küveytdəki Port-Şueyba hərbi obyektinə İran dronunun hücumu nəticəsində altı ABŞ hərbçisi həlak olub. Lakin Pentaqon hücumla bağlı aparılan araşdırmanın nəticələrini açıqlamayıb və həmin hücum zamanı "Starlink" sistemindən istifadə olunduğunu təsdiqləməyib.
Bu hadisələrdən sonra "SpaceX" şirkəti peyk terminallarının satışına və aktivləşdirilməsinə nəzarəti gücləndirib, vasitəçilər üçün müştərilərin yoxlanılması ilə bağlı əlavə tələblər müəyyənləşdirib.