ABŞ Prezidenti Donald Tramp nə özünün, nə də "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk sisteminə çıxışı məhdudlaşdırmadığını bəyan edib.
Oxu.Az RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib.
"Bunu kimin edə biləcəyini bilmirəm - hər halda mən deyiləm. İlonun da bunu etməsi inandırıcı deyil. Məndə olan məlumata görə, hər şey əvvəlki kimi qalır", - deyə Tramp vurğulayıb.
Xatırladaq ki, oktyabrın 13-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələri Kiyevə ballistik raket zərbələri barədə xəbərdarlıq ala bilməyib. Bir gün sonra Ukrayna Müdafiə Nazirliyinin keçmiş müşaviri Sergey Sternenko "Starlink" rabitəsinin kəsilməyə başladığını bildirib.
"Axios" nəşri amerikalı rəsmiyə istinadən yazır ki, Ağ Ev "Starlink"ə qoyulan məhdudiyyətlərlə heç bir əlaqəsinin olmadığını açıqlayıb. Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin müşavirləri Tramp administrasiyası, həmçinin FTB və Pentaqonla əlaqə saxlayaraq Ağ Evin "SpaceX" şirkətinə nəzarət etmədiyi cavabını alıblar.
İlon Mask öz növbəsində vurğulayıb ki, sistemin hərbi versiyası olan "Starshield" ABŞ hökumətinin nəzarətindədir, "Starlink" isə kommersiya layihəsidir, onun şirkəti tərəfindən idarə olunur və hücum məqsədləri üçün nəzərdə tutulmayıb.