ABŞ-də iki məşhur avtomobil sülaləsinin nümayəndəsi, milyarder Marta Fayrston Ford 101 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Detroyt Layons" amerikan futbolu klubunun mətbuat xidməti məlumat yayıb.
M.Ford Miçiqan ştatının Qros-Poynt şəhərində dünyasını dəyişib. "Forbes" jurnalı 2019-cu ildə onun sərvətini 1.4 milyard dollar qiymətləndirib.
Marta təkər istehsalı imperiyasının qurucusu Harvi Fayrstounun nəvəsi olub. 1947-ci ildə o, əfsanəvi avtomobil istehsalçısı Henri Fordun nəvəsi Uilyam Kley Fordla ailə qurub. Bu nikah ABŞ biznesinin iki nüfuzlu ailəsini birləşdirib.
2014-cü ildə həyat yoldaşının ölümündən sonra Marta "Detroit Layons" klubuna rəhbərlik edib. Altı il sonra klubun idarəçiliyini qızı Şeyla Ford Hempə təhvil versə də, ömrünün son həftələrinə qədər sevimli komandasının oyunlarını izləməyə davam edib.
Qadının dörd övladı, 14 nəvəsi və 17 nəticəsi qalıb. Onun oğlu Uilyam Kley Ford "Ford Motor Company" şirkətinin icraçı sədri vəzifəsini tutur.