Norveçin vəliəhd şahzadəsi Met Maritin 29 yaşlı oğlu Marius Borq Heybi elektron qolbaqla ev dustaqlığında saxlanılma müddətinin uzadılmasına razılaşıb və mebel ustası kimi işə düzəlib.
Oxu.Az "Verdens Gang" qəzetinə istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin vəkili Aleksander Qreaker məlumat verib.
Onun sözlərinə görə, müvəkkilinin ilk iş günü bazar ertəsi olub və uğurla keçib. Lakin vəkil onunharada işə düzəldiyini açıqlamaqdan imtina edib.
Heybi daha əvvəl həbsdən azad olunması üçün müraciət etsə də, indi mövcud qətimkan tədbirinin uzadılmasına razılıq verib. Oslo polisi də həmin tədbirin müddətinin uzadılması barədə vəsatət qaldırmaq niyyətində olduğunu təsdiqləyib.
Qeyd edək ki, 2025-ci ildə ona 2018-2024-cü illər ərzində törədildiyi iddia edilən dörd zorlama faktı üzrə ittiham irəli sürülüb.
Marius Borq Heybi Norveçin vəliəhd şahzadəsi Met Maritin əvvəlki münasibətindən olan böyük oğludur. O, taxt-taca iddia etmir və titulu yoxdur.
2018-ci ildə 52 yaşlı vəliəhd şahzadəyə ağciyər fibrozunun nadir forması diaqnozu qoyulub. Bu, ağciyərlərdə çapıq toxumasının yaranmasına və orqanizmin oksigen qəbulunun azalmasına səbəb olan xroniki xəstəlikdir.
2025-ci ildə Met Marit rəsmi vəzifələrinin icrasından uzaqlaşıb. Payızda səhhəti pisləşib və kral ailəsi ağciyər transplantasiyasının mümkünlüyü barədə məlumat verib.