"Kainat gözəli" beynəlxalq müsabiqəsində dünyanın ən gözəl qızı seçilən Puerto-Rikodan olan 27 yaşlı Cennifer Barreto bir il ərzində 30 kiloqramdan çox çəki atıb.
Oxu.Az xəbər verir ki, bu barədə Puerto-Rikonun "El Nuevo Dia" nəşri yazıb.
Müsabiqənin qalibi çəkisini gizli saxlasa da, mətbuatın məlumatına görə, boyu və bədən kütləsi indeksi nəzərə alınmaqla, o, hazırda 66-73 kiloqramdır. Belə nəticəyə gəlmək olar ki, Cennifer Barreto arıqlamazdan əvvəl ən azı 100 kiloqram çəkidə olub.
Barretonun sözlərinə görə, çəki atmaq üçün ondan böyük dözüm tələb olunub.
"Bunun üçün bir il vaxtım getdi, hər şey bir gecədə baş vermədi", - deyə o qeyd edib.
Gənc qadın idmanla fəal məşğul olub, sevdiyi yeməklərdən imtina etməyib və əsasən hind quşu ətindən qiymə, eləcə də batatla (şirin kartof) qidalanıb.
"Sevdiyim təamlardan özümü məhrum etməməyə çalışırdım. Bu, mənim üçün bir cəza deyil, özümü rahat hiss edəcəyim vəziyyətə çatmaq vasitəsi, nizam-intizam üsulu idi. Çünki mənim üçün ən vacib olanı biz qadınların özümüzü olduğumuz kimi rahat hiss etməyimizdir", - deyə "Kainat gözəli" etiraf edib.