ABŞ-nin maliyyə naziri Skott Bessent Ukrayna Prezidenti Volodimir Zelenskiyə Vaşinqtonu "Starlink" peyk rabitəsinə çıxışı məhdudlaşdırmaqda və kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaqda ittiham edərkən ehtiyatlı olmağı tövsiyə edib.
Oxu.Az xəbər verir ki, Bessent bu barədə "NBC News" telekanalına müsahibəsində danışıb.
"ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio Tramp administrasiyasında heç kimin belə bir göstəriş vermədiyini qəti şəkildə bəyan ediblər. Düşünürəm ki, Zelenskinin belə ittihamlarla çıxış etməsi çox məsuliyyətsiz addımdır", - deyə Bessent bildirib.
Ondan Zelenskinin Kiyevlə Vaşinqton arasında kəşfiyyat məlumatlarının mübadiləsinə fasilə verilməsi ilə bağlı açıqlamalarını da şərh etməsi istənilib.
"Bu barədə heç nədən xəbərim yoxdur. Biz mövqeyimizi çox aydın şəkildə ifadə etmişik. Zelenski həqiqətə uyğun olmayan bu cür bəyanatlarla çıxış edərkən çox ehtiyatlı olmalıdır", - deyə ABŞ-nin maliyyə naziri cavab verib.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Ağ Evin Ukraynanın "Starlink" peyk rabitəsinə çıxışının məhdudlaşdırılması ilə bağlı göstəriş vermədiyini bildirmişdi. Donald Tramp da ABŞ administrasiyasının Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmadığını bəyan etmişdi.