100 manatlıq menyu ilə 100 nəfərlik məclisin ümumi xərci 10 min manatla yekunlaşmaya bilər. Çünki bu məbləğ yalnız menyunun qiymətini əhatə edir. Musiqi, dekorasiya və çəkiliş xidmətləri ayrıca ödənişlidirsə, onların sifarişi ümumi xərci daha da artırır.
Toy, nişan, ad günü və banketlər üçün təklif olunan xidmətlərin qiyməti məkandan asılı olaraq dəyişir.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, restoran meneceri Anar Əhmədov təmsil etdiyi məkanda menyu ilə digər xidmətlərin qiymətlərinin ayrı-ayrılıqda hesablandığını bildirib.
Əlavə xidmətlərin dəyəri isə seçilən proqrama görə dəyişə bilər. Restoranın direktor assistenti Murad Əliyevin sözlərinə görə, xidmətlər üçün ayrılan büdcə müştərinin istəkləri əsasında müəyyənləşdirilir.
Beləliklə, adambaşına düşən qiymət restoranları müqayisə etmək üçün yeganə meyar deyil. Marketinq üzrə mütəxəssis Sabit Məmmədovun fikrincə, ilkin qiymət müştərinin seçimində əsas rol oynaya bilər. Buna görə də məkanla razılaşma zamanı nəzərdə tutulan bütün xidmətlərin ümumi dəyəri hesablanmalıdır.
Mütəxəssis məkanı aylar əvvəldən bron edərkən menyunun tərkibinin və ödəniş şərtlərinin yazılı şəkildə razılaşdırılmasını tövsiyə edir. Bu, məclis sahibinə büdcəsini əvvəlcədən planlaşdırmağa, restorana isə sifarişi aydın şərtlər əsasında qəbul etməyə imkan verir.