Heyvandarlıq və quşçuluq sahələrində yeni tələblərlə bağlı qərarlar imzalanıb.
Qərarlara əsasən, bu sahədə fəaliyyət göstərən müəssisələrinin ümumi su sərfiyyatına nəzarət üçün su kəmərinin girişində sayğac quraşdırılmalıdır.
Başqa bir qərara görə, soyuq dövrdə fermalarda yaşlı heyvanlara verilən suyun temperaturu 10-12 dərəcə olmalıdır. Cavan heyvanlar üçün bu temperatur onların yaşından asılı olaraq 16-30 dərəcə aralığında müəyyən edilməlidir.
Digər qərarda heyvan və quşların saxlandığı yerlər üçün minimum hündürlük onların növünə və saxlanma şəraitinə görə müəyyənləşdirilib.
Qəbul edilən yeni tələblər heyvandarlıq və quşçuluq təsərrüfatlarının fəaliyyətinə, istehsal xərclərinə və heyvanların saxlanma şəraitinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan kənd təsərrüfatı eksperti Xaliq Məmmədov qeyd edib ki, heyvandarlıq və quşçuluq müəssisələri intensiv fəaliyyət göstərirsə, su sərfiyyatına nəzarət məqsədilə sayğac quraşdırılması qanunidir, lakin bu, xərclərin artmasına səbəb olacaq:

"Soyuq havalarda heyvanların sağlamlığının qorunması və məhsuldarlığının artırılması üçün onlara verilən suyun temperaturunun müəyyənləşdirilmiş normalara uyğun olması düzgün tələbdir. Bu, dünya praktikasında da var. Heyvan və quşların saxlanıldığı binaların hündürlüyünün onların cinsinə və saxlanma şəraitinə uyğun müəyyənləşdirilməsi də tələblərə uyğundur".
Onun sözlərinə görə, bu yeniliklər sahəyə marağın azalması ilə nəticələnə bilər:
"Ona görə də, tələblər fermerlərə əlavə çətinlik yaratmadan tətbiq edilməlidir. Yeniliklər heyvanların sağlamlığı baxımından faydalıdır. Lakin heyvandarlıq və quşçuluğun inkişafı, ölkənin tələbatının ödənilməsi mütləq mənada iki əsas amildən asılıdır. Bunlar heyvanların optimal sayı, cins tərkibi və hər başdan əldə olunan məhsuldarlıqdır. Məsələn, iribuynuzlu və xırdabuynuzlu heyvanların hər başından əldə olunan süd verimi və ət çıxımı mühüm göstəricilərdir. Tələblər artdıqca xərclər də artır, bu isə ətin qiymətinə təsir göstərə bilər.
İslahatlar və yeni tələblər birtərəfli qaydada həyata keçirilsə, qiymətləri cilovlamaq mümkün olmayacaq. Yeni fermerlərin qarşısında tələblərin qoyulması qanunidir, lakin onların bu sahəni inkişaf etdirməsi üçün ciddi dəstəyə ehtiyacı var. Həmin dəstək isə təmin edilməlidir".