Kənd təsərrüfatında torpaq sahələrinin, əkinlərin və istehsal göstəricilərinin uçotu qaydalarında dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, təsərrüfatbaşına uçot sənədlərində edilən dəyişikliklərə əsasən, torpaq sahələri, əkinlər və əldə olunan məhsul barədə məlumatlar daha detallı şəkildə qeydə alınacaq.
Yeni qaydalara görə, kənd təsərrüfatı torpaqlarının ümumi sahəsi, həyətyanı torpaq sahələri və əkin sahələri ayrıca göstəriləcək. Əkin sahələri üzrə əsas məhsul və təkrar əkin göstəriciləri fərqləndiriləcək. Belə ki, təkrar əkin aparılan sahələrin ölçüsü və həmin ərazilərdən əldə edilən məhsulun miqdarı ayrıca uçota alınacaq. Təkrar əkinlərdən əldə olunan məhsul əsas məhsulun ümumi göstəricisinə daxil edilməyəcək.
Torpaqların istifadə vəziyyəti ilə bağlı məlumatlar da genişləndirilib. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə götürülməsi, əvəzsiz istifadəyə verilməsi, habelə icarəyə və ya istifadəyə götürülmüş torpaqların başqa şəxslərə verilməsi barədə məlumatlar qeydə alınacaq.
Bundan başqa, faktiki suvarılan torpaq sahələrinin ölçüsü, suvarmada istifadə edilən yerüstü və yeraltı su mənbələri, suyun öz axını ilə və ya nasos vasitəsilə verilməsi, artezian və subartezian quyularından istifadə olunması da uçota alınacaq. Ənənəvi suvarma üsulları ilə yanaşı, müasir suvarma sistemləri - yağmurlama, pivot və damcı üsulları ayrıca göstəriləcək.
İcarəyə götürülmüş örüş sahələrinin ölçüsü də ayrıca qeydə alınacaq. Balıqçılıq və akvakultura fəaliyyəti üçün istifadə olunan torpaq sahələri barədə məlumatlar da təsərrüfatbaşına uçot sənədlərinə daxil ediləcək.
Dəyişikliklərdə örtülü torpaq sahələri və istixanalarla bağlı məlumatların ayrıca qeydiyyatı da nəzərdə tutulur. Beləliklə, kənd təsərrüfatı istehsalında istifadə edilən örtülü ərazilərin və istixanaların sahəsi ayrıca uçota alınacaq.