ABŞ-nin məşhur kofeşop şəbəkəsi olan "Starbucks" Yaponiyadakı fəaliyyətini satmağı planlaşdırır və bu məqsədlə artıq məsləhətçilərlə anlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Bildirilir ki, "Starbucks" potensial investorların marağını dəyərləndirmək üçün "Citigroup Inc." və "Morgan Stanley" də daxil olmaqla, bir neçə maliyyə qurumunu işə cəlb edib. Hələlik yekun qərar qəbul edilməsə də, rəsmi satış proseduruna elə bu il başlanılması mümkündür.
Yaponiya "Starbucks" üçün ən böyük bazarlardan biri sayılır. Brendin bu ölkədəki şəbəkəsinə 2 mindən çox kofeşop daxildir.
Nəşr vurğulayır ki, şirkət Yaponiyadan əldə etdiyi gəlirləri açıqlamasa da, Kanada və Böyük Britaniya ilə birlikdə bu üç dövlət 2026-cı ildə ABŞ və Çin xaricində qazanılan xalis gəlirin təqribən 72%-ni təmin edib.
Məlumata görə, cari ilin əvvəlindən etibarən "Starbucks" şirkətinin səhmləri 26.3% bahalaşıb, eyni zamanda "Nasdaq Composite" fond indeksindəki artım 2.1% təşkil edib.