Bir zamanlar rol aldığı seriallar sayəsində böyük pərəstişkar kütləsi qazanan məşhur türkiyəli aktyor Burak Hakkı aktyorluq karyerası ilə yanaşı, kənd təsərrüfatı sahəsində də uğur qazanıb.
Bu barədə Oxu.Az "Hürriyet" nəşrinə istinadən məlumat verir.
Məlumata görə, "Kaybolan Yıllar", "Dudaktan Kalbe", "Yer Gök Aşk" və "Gurbet Kadını" kimi bir sıra məşhur seriallarda rol alan Burak Hakkı illər əvvəl İstanbuldan Çanaqqalaya köçüb. Aktyorluq fəaliyyətinə fasilə vermədən kənd təsərrüfatı ilə də məşğul olmağa başlayıb. Hazırda o, qoz ağacları yetişdirir.
Aktyor 800-1 000-ə yaxın qoz ağacına qulluq edir. Anasının da köməyi ilə peşəkar üsullardan istifadə edərək istehsalını davam etdirir.
Burak Hakkı bildirib ki, qoz ağaclarının məhsuldarlığı onların yaşından və qulluq şəraitindən asılı olaraq dəyişir. Onun sözlərinə görə, düzgün qulluq edilən ağacdan 50 kiloqrama qədər məhsul götürmək mümkündür.
Aktyor aktyorluq fəaliyyəti ilə bağlı da yeni layihələrə hazırlaşır.
"Mən layihələri seçirəm, personajlara baxmıram. İzləyicilər tərəfindən bəyənilib-bəyənilməyəcəyini ümumi şəkildə dəyərləndirirəm", - deyə o əlavə edib.