Bəzən insanın ömrü illərlə deyil, geridə qoyduğu izlərlə ölçülür. Cəmi 27 il yaşayan azərbaycanlı gənc dünya şahmatının ən güclü idmançıları sırasına yüksəldi, ölkəsinin adını beynəlxalq arenada ucaltdı. O, şahmat taxtasında rəqiblərini mat edə bilirdi, lakin həyatın qarşısına çıxardığı ən ağır sınağın öhdəsindən gələ bilmədi.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Azərbaycan şahmatının unudulmaz simalarından biri - Vüqar Həşimovun həyat hekayəsindən bəhs edəcəyik.
Altı yaşında başlayan böyük yol
Vüqar Qasım oğlu Həşimov 1986-cı il iyulun 24-də Bakıda dünyaya gəlib. Şahmata marağı hələ uşaq yaşlarından yaranıb. Altı yaşında atasından bu oyunun qaydalarını öyrənən Vüqar qısa müddətdə yaşıdlarından seçilməyə başlayıb.
Onun istedadı erkən yaşlarından beynəlxalq arenada da diqqət çəkib. 1996-cı ildə 10 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında ikinci yeri tutub. 15 yaşında isə artıq Azərbaycanın böyüklərdən ibarət millisinin heyətində Avropa komanda çempionatlarında iştirak edirdi.
Həşimov 1995, 1996 və 1998-ci illərdə Azərbaycan çempionu olub. 2002-ci ildə qrossmeyster titulunu qazanaraq şahmat elitasına doğru inamlı addım atıb.

Dünyanın altıncısı və Avropanın çempionu
Vüqar Həşimovun adı təkcə Azərbaycan şahmatında deyil, dünya miqyasında da tanınmağa başlayıb. O, 2008-ci ildə Bakıda keçirilən FİDE Qran-prisinin ilk mərhələsində Maqnus Karlsen və Vanq Yue ilə eyni xalı toplayıb. Tay-brek nəticəsində turnirin qalibi elan edilib.
2009-cu ilin noyabrında dünya reytinqində altıncı pilləyə yüksələn Həşimov 2 761 reytinq xalına çatıb. O, xüsusilə sürətli şahmatda və blitsdə güclü oyunu ilə seçilib.
Həmin il Azərbaycan şahmatı üçün tarixi uğura imza atıb. Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa komanda çempionatında millimiz qızıl medal uğrunda mübarizə aparıb. Son turda Rusiya ilə eyni xala malik olan komandamızın çempionluğu üçün Niderland üzərində qələbə vacib idi.
Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov partiyalarını heç-heçə ilə başa vurmuşdular. Həlledici nəticə Vüqar Həşimovun görüşündən asılı idi. O, niderlandlı Daniel Stellvageni məğlub edərək Azərbaycan millisinin Avropa çempionluğunu təmin edib. Bu, sadəcə, bir partiyanın qələbəsi deyildi. Həşimov ölkə şahmatı tarixində xüsusi yer tutan uğurun əsas qəhrəmanlarından birinə çevrilib.
2010-2011-ci illərdə İtaliyada keçirilən Recco-Emiliya turnirinin qalibi olması da onun fərdi karyerasının parlaq səhifələrindən biri olub. O, Maqnus Karlsen kimi dünya şahmatının aparıcı simaları ilə mübarizələrdə də diqqət çəkib.

Şahmatdan kənarda necə insan idi?
Vüqar Həşimovu tanıyanlar onu yalnız güclü şahmatçı kimi xatırlamırlar. Onun nişanlısı olmuş Elizabet V-nin "ChessBase" nəşrində dərc olunan xatirələrində qrossmeysterin fərqli xüsusiyyətləri barədə maraqlı məqamlar yer alır.
Elizabetin sözlərinə görə, Vüqar başqalarının rifahını özündən üstün tutan, sadə şeylərdən zövq almağı bacaran və daim gülümsəyən insan olub. O, mədəniyyətə, musiqiyə və ədəbiyyata maraq göstərir, şeirlər yazır, həyat haqqında düşünməyi sevirdi.
Şahmatdan əlavə, tennis oynayır, kompüterində FIFA futbol oyunu ilə vaxt keçirirdi. Hətta ağır xəstəliklə mübarizə apardığı dövrdə də musiqiyə marağını itirməmişdi.
Elizabetin xatirələrində yer alan bir detal xüsusilə diqqət çəkir. Vüqar ağır xəstəliyinin yenidən aşkarlandığı dövrdən bir neçə həftə əvvəl arzuladığı kimi pianoda ifa etməyi öyrənmişdi. Qısa müddətdə Yirumanın "River Flows in You" əsərini mənimsəmiş və sevdiyi insan üçün ifa etmişdi.
Bu xatirələr Həşimovun şahmat taxtasından kənarda da zəngin daxili dünyaya sahib olduğunu göstərir.

Həyatının ən ağır mübarizəsi
Vüqar Həşimovun həyatında hər şey şahmatdakı kimi rəqibin növbəti gedişini əvvəlcədən hesablamaqla həll olunmurdu.
2000-ci ilin fevralında, hələ yeniyetmə yaşlarında olarkən ona epilepsiya diaqnozu qoyulub. Sonradan beynində şiş aşkarlanması onun həyatını və karyerasını çətin sınaq qarşısında qoyub.
Buna baxmayaraq, Həşimov uzun illər müalicə alıb və şahmatdan uzaqlaşmayıb. Dünya reytinqində ilk onluğa yüksəlib, beynəlxalq turnirlərdə uğurlar qazanıb, Azərbaycan millisinin aparıcı üzvlərindən biri olub.
Lakin xəstəlik onun peşəkar karyerasını yarımçıq qoyub. 2012-ci ilin əvvəlindən yarışlarda iştirak edə bilməyib. Müalicəsini Almaniyada davam etdirib. Yaxınları onun şahmata qayıdacağına ümid ediblər.
Elizabetin xatirələrinə görə, Vüqar Almaniyada əməliyyata aparılarkən də üzündə təbəssüm olub. Reanimasiyadan palataya qayıtdıqdan iki gün sonra da onu eyni təbəssümlə görüb.
Bu, Həşimovun xəstəliklə mübarizəsinin nə qədər ağır olduğunu göstərən, eyni zamanda onun xarakterini əks etdirən xatirələrdən biridir.
27 yaşında yarımçıq qalan ömür
2014-cü il yanvarın 10-dan 11-nə keçən gecə Vüqar Həşimov Almaniyanın Heydelberq şəhərində müalicə aldığı klinikada vəfat edib. Onun cəmi 27 yaşı var idi.
Bu xəbər Azərbaycan şahmat ictimaiyyətini və dünya şahmatını sarsıdıb. Həşimovun qarşıda daha böyük uğurlara imza atacağına inananlar çox idi. Onun potensialı və oyun tərzi uzun illər şahmat həvəskarlarının yaddaşında qalacaqdı.
Vüqar Həşimov Fəxri xiyabanda dəfn edilib. Həmin il Şəmkirdə onun xatirəsinə beynəlxalq şahmat turniri təşkil olunub. Sonralar ənənəyə çevrilən bu yarış dünyanın tanınmış şahmatçılarının iştirak etdiyi nüfuzlu turnirlərdən birinə çevrilib.
2016-cı ildə Bakıda Vüqar Həşimov adına Şahmat Akademiyası fəaliyyətə başlayıb. Onun adı yeni nəsil şahmatçıların yetişdirilməsi ilə də yaşadılır.
Vüqar Həşimovun ömrü qısa olub. Ancaq o, 27 ilə sığdırdığı uğurlarla Azərbaycan idmanının tarixində silinməz iz qoyub. Şahmat taxtasında ən güclülərlə mübarizə aparan, ölkəsinə Avropa çempionluğu qazandıran bu gənc qrossmeyster bu gün də yalnız qazandığı medallarla deyil, insanlığı, təbəssümü və yarımçıq qalmış arzuları ilə xatırlanır.
