Xəzər dənizinin suyunun duzsuzlaşdırılması Azərbaycanda içməli su təminatının yaxşılaşdırılması baxımından nəzərdə tutulan mühüm layihələrdən biridir.
Oxu.Az Baku.ws-ə istinadla xəbər verir ki, iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və artan tələbat fonunda bu təşəbbüsün reallaşdırılması xüsusi aktuallıq qazanıb.
Layihənin hazırkı vəziyyəti, həyata keçirilməsi üçün görülən işlər və prosesin hansı müddətdə başa çatdırılacağı isə ictimaiyyət üçün maraq doğuran əsas məsələlərdəndir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib ki, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi üzrə hazırlıq və layihələndirmə işləri davam etdirilir:
"Su paylayıcı infrastruktura yaxınlıq nəzərə alınaraq layihə üçün Sumqayıt şəhəri ərazisi məqsədəuyğun hesab edilib (bu ərazi 29.63 ha sahəni və sahil zolağını əhatə edir). Qeyd olunan ərazi İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin balansındadır. Duzsuzlaşdırma zavodunun illik istehsal gücü 100 milyon m³ təşkil edəcək ki, bu da Abşeron yarımadasının hazırkı su tələbatının 20%-ni təşkil edəcək.
2026-2028-ci illər ərzində Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər magistral kəmərin tikintisi də nəzərdə tutulub. Qeyd edək ki, layihənin müddəti 27.5 il təşkil edir (2.5 il tikinti, 25 il istismar)".