Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində, əvvəlki Dəmiryol xəstəxanasının söküldüyü ərazidə aparılan tikinti-söküntü işləri sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Sakinlərin iddialarına görə, ağır texnikanın iştirakı ilə həyata keçirilən işlər, əsasən, gecə saatlarında aparılır. Bu isə ətrafdakı yaşayış binalarında yaşayan insanların istirahətinə mane olur. Həmçinin ərazidə ağacların kəsildiyi bildirilir.
Qeyd edək ki, cari ildə Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
Məsələ ilə bağlı nazirliyin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov Oxu.Az-a açıqlamasında bildirib ki, xəstəxananın ərazisində agentliyə məxsus yaradılacaq yeni infrastrukturla bağlı müvafiq tikinti-söküntü və təmizləmə işləri aparılır və bu işlər yalnız saat 18:00-dək davam edir:
"Qeyd edilən işlərlə bağlı iritonnajlı yük avtomobillərinin hərəkəti isə "Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında" müvafiq qərarın tələbləri əsasında müəyyən edilmiş vaxt rejiminə uyğun təşkil olunur".
Həmçinin sakinlər iddia edirlər ki, tikinti aparılan ərazidə ağaclar da kütləvi şəkildə kəsilir.
Tural Qurbanov isə bu iddiaları təkzib edərək bildirib ki, ərazidə ağacların kəsilməsi ilə bağlı yayılan iddialar əsassızdır.