"Aktual Gündəm" verilişinin yeni buraxılışında müzakirə zamanı yazar Səhər Əhməd ilə "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli arasında müəllimin üzərinə düşən məsuliyyət və şagirdlərlə münasibətdə rolu ilə bağlı fikir ayrılığı yaranıb.
Səhər Əhməd müəllimdən eyni zamanda həm pedaqoq, həm psixoloq, həm də valideyn kimi davranmağın gözlənilməsini düzgün hesab etmədiyini bildirib.
O Baku TV-yə vurğulayıb ki, müəllimin üzərinə onsuz da kifayət qədər vəzifə düşür və psixoloji dəstək məktəblərdə bu sahə üzrə çalışan mütəxəssislərin məsuliyyətində olmalıdır:
"Bütün bunları müəllimdən gözləmək nə dərəcədə doğrudur? Axı bunun üçün məktəblərdə psixoloqlar var. Siz elə danışırsınız ki, sanki müəllim həm psixoloq, həm də valideyn kimi davranmalıdır. Bəs müəllim nə vaxt öz əsas vəzifəsini yerinə yetirəcək? Mən konkret olaraq məsuliyyət bölgüsündən danışıram. Şagirdlərlə işdə psixoloqun da öz rolu var".
Fatimə Hacıbəyli isə müəllimlik fəaliyyətində şəxsi yanaşmanın və insan amilinin xüsusi əhəmiyyət daşıdığını bildirib:
"30 il müəllim işləmişəm. Bu gün də şagirdlərim mənimlə əlaqə saxlayırlar. Hazırda elə bir regiondayam ki, burada insanlarla işləmək kifayət qədər çətindir. Amma buna baxmayaraq, onları bir araya gətirə bilmişəm. Çünki bu məsələdə insanın özündən, onun yanaşmasından çox şey asılıdır".