Nigeriyada yeni evlənənlərə toy hədiyyəsi kimi günəş panellərinin verilməsi halları getdikcə artır. Bu tendensiya ölkədə yanacağın bahalaşması və əsasən Çindən idxal olunan avadanlıqların münasib qiymətə olması ilə əlaqələndirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, günəş panelləri, akkumulyatorlar və invertorlar yeni evlənənlərə ənənəvi olaraq hədiyyə edilən yataq dəstləri və məişət texnikası ilə yanaşı, populyar toy hədiyyələrinə çevrilir.
Bildirilir ki, Nigeriyada elektrik şəbəkəsinin imkanları əhalinin tələbatını tam ödəmədiyindən insanların böyük hissəsi elektrik enerjisi ilə özünü müstəqil şəkildə təmin edir. Əvvəllər bu məqsədlə əsasən generatorlardan istifadə edilsə də, ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda yanacağın bahalaşması nigeriyalıları günəş panellərindən istifadəyə yönəldir.
Günəş enerjisi avadanlıqlarının əsas tədarükçüsü isə Çin olaraq qalır. Ölkədə istehsalın çoxluğu qiymətlərin aşağı düşməsinə, məhsulların xarici bazarlara daha sərfəli qiymətlərlə çıxarılmasına imkan yaradır.
Məlumata əsasən, 2025-ci ilin sonuna qədər evlərdə quraşdırılan günəş panellərinin istehsal etdiyi elektrik enerjisinin həcmi milli elektrik şəbəkəsi vasitəsilə təmin edilən enerjinin həcmini ötüb.
2026-cı ildə Nigeriyada quraşdırılan günəş panellərinin sayı 2024 və 2025-ci illərdə quraşdırılmış panellərin ümumi sayını da geridə qoyub.
2025-ci ildə agentlik qeyd etmişdi ki, 237,5 milyon əhalisi olan və Afrikanın ən sıx məskunlaşmış ölkəsi sayılan Nigeriyanın energetika sektorunun modernləşdirilməsinə ciddi ehtiyac var. Milli elektrik şəbəkəsində mütəmadi baş verən nasazlıqlar ölkədə enerji qıtlığını daha da dərinləşdirir.
Bildirilib ki, böhranın əsas səbəblərindən biri enerji infrastrukturunun uzun illər ərzində lazımi səviyyədə maliyyələşdirilməməsidir.