Nigeriyanın cənubundakı Bayelsa ştatında göyərtəsində 300 nəfərin olduğu gəmi batıb.
Oxu.Az bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, gəmi Niger çayının deltasındakı qollardan birinin yaxınlığında batıb. Gəmi bir neçə gün əvvəl həmin bölgədə baş vermiş oxşar faciənin qurbanlarının dəfn mərasiminə gedən insanları daşıyırmış.
İlkin məlumatlara görə, 24 nəfər xilas edilib. Dörd nəfərin meyiti tapılıb. Digər sərnişinlərin taleyi hələlik məlum deyil.
Ekspertlər faciənin səbəbinin gəminin həddindən artıq yüklənməsi ola biləcəyini ehtimal edirlər.