Bərdə rayonunun Xanərəb kəndində yaşayan 63 yaşlı Nəhayət Qasımovanın xəstəlik pensiyası dayandırılıb. Ürək və onurğa problemlərindən əziyyət çəkən qadın maddi çətinliklər səbəbindən dərmanlarını almaqda, hətta evini isitməkdə çətinlik çəkir.
Oxu.Az İTV-yə istinadən xəbər verir ki, Nəhayət Qasımova 40 yaşına qədər səhhətində ciddi problem olmadığını, sonradan yaranan xəstəliklərin həyatını çətinləşdirdiyini deyir. O, 2003-cü ildən xəstəlik pensiyası aldığını bildirib.
Qadının sözlərinə görə, bu ilin may ayından pensiya ödənişi dayandırılıb. O, aprelin 21-dək 430 manat aldığını, həmin vəsaitlə kommunal xərclərini ödədiyini, ərzaq və dərmanlarını aldığını qeyd edib. Ödənişin dayandırılmasına səbəb kimi əlillik müddətinin başa çatması göstərilib.
Nəhayət Qasımova bildirib ki, yeni komissiyadan keçmək üçün müraciət etsə də, proses uzanıb və hazırda ciddi maddi sıxıntı içindədir. Xeyirxah insanların köməyi ilə tikilən evinə qaz çəkilsə də, maddi imkansızlıq səbəbindən evi qızdırmaqda çətinlik çəkir.
"Qaz var, amma yandıra bilmirəm. Soyuqdan ölürəm, əllərim donur", - deyə o, vəziyyətini ifadə edib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilib. Qurumdan bildirilib ki, vətəndaşın əlilliyinin qiymətləndirilməsi ilə bağlı yeni müraciəti daxil olmayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Nəhayət Qasımovanın əlillik məsələsi araşdırılıb. Onun tibbi sənədləri və müayinələrin nəticələri ilə obyektiv müayinə göstəriciləri arasında uyğunsuzluq müəyyən edildiyindən "Forma 88"in sistemə daxil edilməsi mümkün olmayıb. Bu barədə komissiya üzvləri tərəfindən pasiyent məlumatlandırılıb və ona imtina aktı təqdim olunub.