Noyabrın 21-də Fransanın müxtəlif bölgələrində qiymət artımına qarşı keçirilən nümayişlərin iştirakçılarının ümumi sayı 82 500 nəfərə çatıb. Ən böyük aksiya Parisdə baş tutub. Respublika meydanından Millət meydanına qədər uzanan yürüşdə 21 500 nəfər iştirak edib.
Oxu.Az "Le Parisien" qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Lion və Nant şəhərlərində aksiyalar zamanı etirazçılarla polis arasında toqquşmalar baş verib. Məlumata görə, Lionda hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz yürüşlərin iştirakçılarını dağıtmaq üçün bir neçə dəfə gözyaşardıcı qazdan istifadə ediblər.
Lion şəhər rəhbərliyi şəhərin mərkəzi hissəsində nümayişlərin keçirilməsini qadağan edib. Buna baxmayaraq, etirazçı qruplar Qaribaldi küçəsində və Qambetta bulvarında yürüşlər təşkil etməyə cəhd göstəriblər. Polisin mobil dəstələri aksiya iştirakçılarını dağıdıblar. Milad yarmarkasının açıldığı Belkur meydanı ərazisində də təhlükəsizlik tədbirləri gücləndirilib.
Nantda nümayişçilərdən ibarət bir qrup razılaşdırılmış marşrutdan kənara çıxmağa cəhd göstərib və polislə qarşıdurmaya girib. İştirakçılardan biri polis qumbarasının dəyməsi nəticəsində ayağından xəsarət alıb.
Qeyd edək ki, Fransada etirazların hazırkı dalğası sentyabr ayında məktəblilərin aksiyaları ilə başlayıb. Onlar müəllim çatışmazlığından, siniflərin həddindən artıq dolu olmasından və təhsil müəssisələrinin vəziyyətindən narazılıq ediblər. Sonradan onlara tələbələr, həmkarlar ittifaqları və "sarı jiletlilər" hərəkatının tərəfdarları qoşulublar.
Oktyabrın 17-də ölkə üzrə keçirilən aksiyalarda Daxili İşlər Nazirliyinin hesablamalarına görə, təxminən 550 000, təşkilatçıların məlumatına görə isə 800 000 nəfər iştirak edib. Bir neçə şəhərdə polislə toqquşmalar, yanğınlar və talanlar baş verib.