Şəki sakini Murad Məmmədov əlillik təyinatına imtina cavabı gəlməsindən şikayətçidir.
Bu barədə o, Oxu.Az-ın qaynar xəttinə (055-224-12-12) müraciət edib.
Murad Məmmədov uşaqlıqdan ağır sinir və psixoloji pozuntulardan əziyyət çəkdiyini söyləyib:
"Uşaq yaşlarımda aldığım baş travmasından sonra məndə ağır gedişli perinatal toksik-travmatik ensefalopatiya, epileptik sindrom və tez-tez təkrarlanan qıcolma tutmaları formalaşıb. Bu xəstəliklərə görə mənə hələ 26.11.2003-cü il tarixində əlillik təyin olunub.
Lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 18.05.2026-cı il tarixli qərarla əlillik təyinatıma imtina verilib. Hazırda himayəmdə 3 azyaşlı övladım var. Biz çox kasıb, maddi imkanları tamamilə tükənmiş, aztəminatlı bir ailəyik. Səhhətim heç bir fiziki və ya zehni əməklə məşğul olmağa imkan vermir. Ailəmi dolandıran başqa bir kəs yoxdur.
Haqqımı - pensiyamı bərpa etmək üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməli olmuşam. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən barəmdə ambulator məhkəmə psixiatrik ekspertizası keçirilib.
Şəki Mərkəzi Rayon Xəstəxanasının stasionar çıxarışlarına əsasən, hələ 2003, 2011 və 2013-cü illərdə stasionar müalicələrdə "keçirilmiş ağır gedişli perinatal toksik-travmatik ensefalopatiyanın qalığı, epileptik sindrom, tez-tez təkrarlanan qıcolma tutmaları ilə" diaqnozu təyin edilib".
Məsələ ilə bağlı Oxu.Az-ın sualına cavab olaraq Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, Şəki rayon sakini, 1998-ci il təvəllüdlü Murad Tofiq oğlu Məmmədov əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilsə də, prosesə gəlməkdən imtina edib:

"Belə halda onun əlillik vəziyyəti ilə bağlı qiymətləndirmə aparmaq mümkün deyil.
Murad Məmmədov əyani müayinəyə gəldiyi halda əlilliyinin qiymətləndirilməsi aparılacaq və nəticəsinə uyğun qərar veriləcək".